Razi Nurullayev:Bakıya ayrılan 200 milyard dollar hara gedib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun son 20 ildə paytaxta 200 milyard dollardan çox investisiya yatırıldığını deyib.

Avropa.info xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev səsləndirilən rəqəmin arxasında statistik hesablamaların dayandığını, lakin əsas məsələnin vəsaitlərin hansı sahələrə yönəldilməsi və hansı nəticələr verməsi olduğunu bildirib.

MCP lideri səslənən rəqəmin detallı şəkildə ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulayıb:

“Əsas məsələ rəqəmin özünü şübhə altına almaq olmalı deyil. Əsas sual budur ki, bu vəsait hansı sahələrə yönəldilib və həmin investisiyaların nəticəsi nə olub? 200 milyard dollardan söhbət gedirsə, bu, kifayət qədər böyük rəqəmdir və təbii olaraq cəmiyyətin sual verməsi normaldır: bu pulların nə qədəri nəqliyyata, yollara, su və kanalizasiya sisteminə, kommunal infrastruktura, səhiyyəyə, təhsilə, yaşıllıqlara və digər istiqamətlərə xərclənib? Hansı layihəyə nə qədər vəsait ayrılıb və həmin layihə şəhər sakinlərinin həyatında hansı nəticəni yaradıb?”

Partiya başqanı dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq üçün beynəlxalq təcrübəyə istinad edərək açıq məlumat sisteminin qurulmasını təklif edib:

“Azərbaycanda ümumilikdə bütün sahələr üzrə hesabatlılığı daha da gücləndirmək lazımdır. Belə böyük rəqəmlər səsləndiriləndə onun arxasında konkret faktlar və açıq statistika olmalıdır. İstərdik ki, bu məlumatlar rüblük və illik hesabatlarda müntəzəm şəkildə ictimaiyyətə təqdim edilsin. Məsələn, Böyük Britaniyada hökumətin iri layihələri üzrə ayrıca açıq məlumat sistemi mövcuddur. Bu il onların hesabatında 189 böyük layihə üzrə ümumi icra dövrü xərcləri və gözlənilən faydalar da ayrıca göstərilib. Avstraliyada da infrastruktur layihələri üzrə illik performans hesabatları hazırlanır və xərc artımları təhlil olunur. Çünki vətəndaş bilməlidir ki, dövlət layihəyə nə qədər pul ayırıb və nəticədə nə əldə olunub”.

Deputat bütün hesabatlılığın mərkəzində vətəndaşın əldə etdiyi faydanın dayanmalı olduğunu qeyd edib:

“’200 milyard dollar yatırılıbsa, bu pullar hara gedib?’ sualını tamamilə normal və haqlı ictimai sual hesab edirəm. Amma bu suala cavab da mübahisə və emosiyalarla deyil, rəqəmlərlə verilməlidir. Ümumiyyətlə, Azərbaycanda belə bir sistemin bütün sahələrdə formalaşmasının tərəfdarıyam. Hər rüb və hər il dövlət qurumları görülan işlər, ayrılan vəsaitlər və əldə olunan nəticələr barədə faktlara əsaslanan hesabat təqdim etsələr, həm cəmiyyət dolğun məlumat alar, həm də görülən işlərə obyektiv qiymət verilməsi mümkün olar. Məsələ təkcə nə qədər pul xərclənməsində deyil, xərclənən vəsaitin müqabilində vətəndaş və şəhərin nə əldə etməsindədir”.

XƏBƏR LENTİ