Azərbaycanda 10 minlərlə yerli kiçik istehsalçı var. Aparılan araşdırmalar və keçirilən görüşlər göstərir ki, sahədəki vəziyyət həm məhsuldar potensiala malikdir, həm də ciddi narahatlıq doğurur. Kiçik sahibkarlar baha qiymətə aldıqları avadanlıqları ucuz qiymətə sataraq bizneslərini bağlamaq məcburiyyətində qalırlar.
Avropa.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev kiçik istehsalçıların qarşılaşdığı problemlər, satış bazarlarındakı maneələr və yerli məhsulların dəstəklənməsi yollarını şərh edərkən bildirib.
Kiçik sahibkarlıq böyük iqtisadi töhfə deməkdir
Millət vəkili kiçik istehsalçıların ölkə iqtisadiyyatındakı strateji rolunu diqqətə çatdırıb:
“Dünya təcrübəsi göstərir ki, yerli kiçik istehsalçıların ölkə büdcəsinə verəcəyi töhfə və yaradacaqları iş yerləri iki-üç il ərzində yüz minlərlə ola bilər. Bu, 200-300 böyük zavodun açılmasından daha çox iş yeri və dəyər yaratmağa qadirdir. Bir zavod 300 milyon manat investisiya ilə 200 iş yeri yaradırsa, 10 minlərlə kiçik sahibkarın hərəsi 3-4 nəfəri işlə təmin etməklə milyonluq məşğulluq yarada bilər. Bütün dünyada ən çox vergi ödəyən və iş yeri açan məhz kiçik istehsalçılardır”.
İri ticarət şəbəkələri rəqabət qabiliyyətini öldürür
MCP başqanıt kiçik sahibkarların avadanlıqlarını satıb geri çəkilməsinin əsas səbəbini satış şəbəkələrindəki maneələrlə izah edib:
“Sahibkarların əsas problemi istehsal etdikləri malları satmağa bazar tapmamaqlaridir. Azərbaycanda market və hipermarketlər bir neçə iri ticarət şəbəkəsinin əlində cəmləşib. Həmin şəbəkələr yerli məhsulu rəflərə çıxarmaq üçün sahibkardan 31%-dək yüksək faiz tələb edir. Nəticədə yerli malın maya dəyəri xarici analoqundan baha başa gəlir və satılmır. Ya dövlət iri şəbəkələrdə yerli mallar üçün subsidiyalar verməlidir, ya də müvafiq satış şəraiti yaratmalıdır. Yerli mallarımızın tərtibatı və keyfiyyəti xarici mallardan heç də geri qalmır”.
“Yaşıl marketlər” şəbəkəsi canlandırılmalıdır
Parlamentari problemi kökündən həll edəcək dövlət dəstəyi mexanizmlərini önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Vaxtilə ‘Yaşıl marketlər’ şəbəkəsinin yaradılması ilə bağlı prezident sərəncamı olub. Həmin marketlərin yenidən canlandırılması və ya dövlət vəsaiti hesabına yeni şəbəkənin qurulması məqsədəuyğundur. Həmin şəbəkələrdə yerli istehsalçıların mallarının tam satışı təşkil edilməlidir. Belə şəbəkələr yaradılsa, orada mövcud hipermarketlərdən daha çox alıcı olacaq. Çünki alıcılar minlərlə çeşiddə keyfiyyətli, orqanik Azərbaycan malını ucuz qiymətə əldə edə biləcəklər”.


























