Türk Dövlətləri Təşkilatının inkişafında, strukturlaşdırılmasında və institusionallaşmasında Azərbaycanın mühüm töhfəsi var. Məhz İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni siyasi nizam Mərkəzi Asiyaya da təsir göstərərək təşkilatın fəaliyyətinə müsbət təkan verdi.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Türk Dövlətləri Təşkilatının (TDT) gələcək perspektivləri, üzv ölkələrin hərbi-strateji inteqrasiyası və regional güclərin reaksiya ehtimallarını şərh edərkən bildirib.
Ortaq maraqlar
Ekspert təşkilat daxilindəki bərabərhüquqlı tərəfdaşlıq modelinə diqqət çəkib:
“Bu gün artıq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri siyasi, iqtisadi, təhlükəsizlik və hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdırlar. Bununla belə, nəzərə almaq lazımdır ki, təşkilata üzv dövlətlərin hər biri müstəqil ölkədir və öz suveren qərarlarını qəbul edir. Heç bir dövlət digərindən asılı deyil. Hər birinin öz daxili siyasi gündəmi və xarici siyasət maraqları mövcuddur.
Türk Hərbi Blokunun yaradılması
MCP rəsmisi Prezident İlham Əliyevin təşəbbüslərini və hərbi sahədə atılan praktiki addımları vurğulayıb:
“Formalaşan yeni siyasi nizam TDT qarşısında geniş perspektivlər açır. Yaxın gələcəkdə bu təşkilat Avrasiyanın aparıcı siyasi və iqtisadi platformalarından birinə çevrilə bilər. Eyni zamanda, TDT çərçivəsində hərbi əməkdaşlığın dərinləşməsi və hətta hərbi blokun formalaşması ehtimalı istisna edilmir. Prezident İlham Əliyevin bu istiqamətdə irəli sürdüyü təşəbbüslər və Azərbaycan, Türkiyə, Özbəkistan hərbçilərinin birgə hərbi təlimləri üç ölkə arasında daha sıx təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində mühüm addımdır”.
Moskva və Tehranın narahatlığı
Şərhçi regional aktyorların reaksiyasını və təşkilatın gələcək prinsiplərini önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Türk dövlətləri arasında hərbi və təhlükəsizlik əməkdaşlığının güclənməsi Rusiya və İranı da narahat edən amillərdəndir. Lakin təşkilatın gələcək inkişafı üçün əsas məsələ üzv dövlətlərin bir-birinin suverenliyinə və milli maraqlarına hörmət etməsi, qarşılıqlı etimad əsasında əməkdaşlıq qurmasıdır. Məhz bu prinsiplər TDT-nin daha da güclənməsinə və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə gətirib çıxara bilər”.


























