Azərbaycan və Türkiyə arasında müşahidə olunan çəkişmə müttəfiqlik və qardaşlıq prinsiplərinə təsir edən proses deyil. Ancaq mövcud vəziyyəti bir neçə strateji amillə izah etmək olar.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov Bakı ilə Ankara arasında regional məsələlərdə yaranan müəyyən baxış fərqlərini, İsrail, İran, TDT və Zəngəzur dəhlizi kontekstində şərh edərkən bildirib.
İsrail və İran xəttində regional təhlükəsizlik
Başqan müavini iki ölkənin Yaxın Şərq və İran siyasətindəki fərqli geosiyasi yanaşmalarına diqqət çəkib:
“Azərbaycan İsraillə hərbi-texniki, müdafiə və təhlükəsizlik sahələrində strateji əməkdaşlığını davam etdirir, Türkiyə isə İsrailin regional siyasətinə karşı sərt mövqedədir. Həmin Fələstin isə bütün dövrlərdə antitürk və antiazərbaycan mövqeyində olub. Eyni zamanda, Türkiyənin İranın bütövlüyünə və hakimiyyətinə dəstəyi, Azərbaycanın isə İsraillə strateji təhlükəsizlik əməkdaşlığını sürdürməsi Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir”.
TDT-də Rusiya faktoru
Ekspert Türk Dövlətləri Təşkilatındakı son gəlişmələri və Azərbaycanın milli təhlükəsizlik prioritetlərini vurğulayıb:
“Ankarada keçirilən TDT zirvə toplantısında Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun iştirakı və rəsmi görüşləri strateji müttəfiqliyə sadiqliyin göstəricisidir. Lakin Rusiyanın təşkilata üzvlüyünün gündəmə gətirilməsi Azərbaycanın milli təhlükəsizlik maraqlarına risklər yarada bilər. Regionda xüsusi təhlükə mənbəyi olan Rusiya və İran faktoru fonunda Türkiyənin bu addımı Azərbaycanın geosiyasi maraqları ilə uzlaşmır. Türk-İslam dünyasında siyasi təsir balansı Azərbaycanın müstəqil mövqeyi ilə bağlıdır”.
Mehri dəmir yolu şərti
MCP rəsmisi Zəngəzur dəhlizi ilə bağlı Bakının prinsipial mövqeyini önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Türkiyə Zəngəzur dəhlizinin hətta Ermənistanın və ya Avropanın maraqlarına uyğun açılmasına razıdır. Azərbaycan isə Mehri dəmir yolunun Azərbaycan mülkiyyəti kimi bərpasını və üçtərəfli bəyanata uyğun olaraq maneəsiz keçidin təmin olunmasını tələb edir. Bütün bunlar Azərbaycanın müttəfiqliyi qorumaqla yanaşı müstəqil diplomatiya yürütdüyünü göstərir. Müttəfiqlər arasındakı narazılıq ideoloji deformasiya deyil, milli maraqların ciddi müdafiəsidir


























