ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı planının artıq müzakirə masasında olduğu və İran ətrafında hərbi qüvvələrini cəmləşdirdiyi görünür. Tehran bir tərəfdən danışıqlar vasitəsilə gərginliyi azaltmağa çalışsa da, digər tərəfdən mümkün müharibə ssenarisinə hazırlaşır.
Avropa info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə ABŞ-İran gərginliyi, Dohadakı diplomatik danışıqlar və Tehranın hərbi-siyasi idarəçiliyindəki dəyişiklikləri şərh edərkən bildirib.
Xamenei diplomatiyanı Pezeşkiana tapşırdı
Başqan müavini İranın daxili idarəçiliyindəki son manevrlərə diqqət çəkib:
“Bir müddət əvvəl İranın ali dini rəhbəri Müctəba Xamenei ölkənin hərbi məsələlərinin idarə olunmasını Möhsün Rzaiyə, iqtisadi məsələlərini isə prezident Məsud Pezeşkiana həvalə etmişdi. Beləliklə, İranın hərbi-siyasi idarəçiliyində Rzainin rolu əhəmiyyətli dərəcədə artmışdı. Bu müddətdə ABŞ ilə danışıqları Pezeşkian hökuməti aparsa da, prezidentin prosesdəki siyasi təsirinin məhdudlaşdırıldığı müşahidə olunurdu. Lakin hazırda Dohada ABŞ və İran arasında aparılan danışıqlar fonunda Müctəba Xamenei qərarına yenidən dəyişiklik edərək diplomatik prosesi hökumətə və prezidentə həvalə edib. Bu qərarın ABŞ-nin artan hərbi təzyiqləri fonunda verilməsi xüsusilə diqqət çəkir”.
Moskva-Tehran hərbi oxunu göstərir
Ekspert Rusiyanın prosesdəki rolunu və İranın hərbi hazırlıqlarını vurğulayıb:
“Rusiya prezidenti Vladimir Putinin İranın təhlükəsizlik strukturlarında mühüm mövqeyə malik Möhsün Rzai ilə telefon danışığı aparması da xüsusi əhəmiyyət daşıyır. Bu təmas İranın hərbi-siyasi idarəçiliyində Rzainin rolunun nə qədər artdığını göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, İran həm diplomatik müstəvidə ABŞ-la danışıqları davam etdirməyə çalışır, həm də hərbi qarşıdurma ehtimalına hazırlaşır”.
Hərbi əməliyyatlar qaçılmaz ola bilər
MCP rəsmisi regional riskləri önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Əgər ABŞ və İran arasında danışıqlar yenidən nəticəsiz qalarsa, Vaşinqtonun İrana qarşı məhdud və ya daha genişmiqyaslı hərbi əməliyyatlara başlaması ehtimalı istisna edilmir. Hazırkı hərbi-siyasi vəziyyət isə regionda gərginliyin daha da artacağını və qarşıdurmanın yeni faza alacağını göstərir”.

























