Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayevin adı və fotosu ilə “WhatsApp” üzərindən vətəndaşlara saxta mesajlar göndərilməyə başlanılıb. Dələduzlar müxtəlif nömrələrdən istifadə edərək partiya rəhbərinin adından xüsusilə MCP üzvlərinə və müxtəlif şəxslərə müraciət edirlər.
Avropa.info xəbər verir ki, dələduzluq sxemi bir neçə üsulla həyata keçirilir. Bəzi hallarda zərərçəkənlərə dövlət qurumları tərəfindən guya onların qanunsuz əməllərinin, o cümlədən xaricə qanunsuz pul köçürmələrinin aşkarlandığı bildirilir və bununla psixoloji təzyiq yaradılır.
Digər ssenaridə isə partiya başqanının adından yazan şəxs üzvlərə yaxın vaxtda onlarla xüsusi bir nümayəndənin əlaqə saxlayacağını, onun dediklərinə tam əməl edilməli olduğunu vurğulayır. Daha sonra həmin zəng edən şəxslər vətəndaşları müxtəlif bank filiallarının qarşısına dəvət edərək maliyyə tələsinə salmağa çalışırlar.
Mütəxəssislər bildirirlər ki, bu cür kiber-fırıldaqçılıq kütləvi xarakter alıb və cinayətkarlar təkcə deputatların deyil, digər tanınmış şəxslərin də adından və şəkillərindən istifadə edərək vətəndaşların etibarından sui-istifadə edirlər.
Vətəndaşlara və partiya üzvlərinə rəsmi olmayan nömrələrdən gələn bu tərz mesajlara inanmamaq, şəxsi və maliyyə məlumatlarını paylaşmamaq, bank qarşısına görüşə çağıran naməlum şəxslərin tələblərini yerinə yetirməmək tövsiyə olunur. Oxşar hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.


























