Medvedev:”Donuzların önünə mirvari səpməyin”

“Rusiyanın Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-dən çıxmaqla bağlı tələsik bəyanatlarına reaksiyası anlaşılandır”.

Avropa.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanla bağlı açıqlamasını TASS-a şərh edərkən deyib.

“Mənə elə gəlir ki, biz müəyyən mənada emosional dövrdən keçirik, Paşinyanın bəzi açıqlamaları da bir qədər emosional xarakter daşıyır. Əlbəttə, bu, bizim tərəfdən müəyyən reaksiyaya səbəb olur və bu reaksiya tamamilə qanunauyğun və başadüşüləndir”, – Karasin qeyd edib.

Bununla yanaşı, senatorun fikrincə, ölkələr cəmiyyətlərarası əlaqələrin, iqtisadi münasibətlərin və mədəni əlaqələrin inkişafına çalışmalıdır:

“Bunu etməyə çalışırıq və müəyyən nəticələr də əldə olunur. Ona görə də dərhal bədbinliyə qapılmaq və perspektivlərlə bağlı kəskin qiymətləndirmələr vermək istəməzdim. Düşünülmüş şəkildə işləmək, gələcəkdə bir-birimizə və bir-birimizin ehtiyaclarına hörmət formalaşdırmaq lazımdır. Amma Ermənistan rəhbərliyinin bəzən etdiyi kimi, tələsik və emosional bəyanatlar verməkdən çəkinməyə çalışmaq lazımdır”.

Dmitri Medvedev bundan əvvəl bəyan edib ki, Ermənistan heç vaxt Avropa İttifaqına üzv olmayacaq, amma Rusiya ilə münasibətləri birdəfəlik korlanacaq:

“Ermənistanın xroniki xəstə Avropa İttifaqına heç vaxt qoşulmayacağı bəllidir, amma bu, Rusiya və digər Avrasiya İqtisadi Birliyi ölkələri ilə münasibətlərinə birdəfəlik xələl gətirəcək. Milli maraqlara xəyanət, Sorosun pulları və Erməni Apostol Kilsəsinə qarşı şeytani təqiblərlə dolu olan bu kiçik ölkənin hazırkı hökmdarının şizoid ambisiyalarının bədəli belədir”.

Medvedev həmçinin qeyd edib ki, hazırda Ermənistanın hakimiyyətinə münasibətdə yalnız bir qayda tətbiq olunur: “Donuzların önünə mirvari səpməyin”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan dünən ölkəsinin KTMT-dən çıxarılacağı təqdirdə çox xoşbəxt olacağını söyləmişdi.

Ermənistan 2024-cü il fevralın 23-dən KTMT-dəki fəaliyyətini dondurub

XƏBƏR LENTİ