İsrailin Türkiyəyə qarşı cəbhə açması, rəsmi Tel-Əvivin ABŞ və Ankara tərəfindən Yaxın Şərqdə qurulmaq istənən yeni siyasi nizamı qəbul etməməsi regionda böhranı daha dərin müstəviyə daşıyır. Vaşinqton İsrailin Türkiyə vasitəsilə cəzalandırılmasında maraqlı görünür və bu geosiyasi qarşıdurma Yaxın Şərqin bütün mənzərəsini dəyişmək gücündədir.
Avropa.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Türkiyə Hərbi Potensialına Görə İsraildən Güclüdür”
Ekspert iki ölkənin hərbi imkanlarını müqayisə edərək Ankaranın üstünlüklərinə diqqət çəkib:
“İsrailin güclü hərbi hava qüvvələri olsa da, quru qoşunları Türkiyə ordusu ilə müqayisəyə gələ bilməz. Türkiyə həm güclü quru qoşunlarına, həm də müasir hava qüvvələrinə malikdir və ümumi hərbi potensialına görə İsraildən qat-qat üstündür. Ehtiyac yaranacağı təqdirdə Ankara İsrailə dəniz blokadası tətbiq edərək sarsıdıcı zərbələr endirmək gücündədir”.
“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”
MCP rəsmisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın strateji gedişlərini və bəyanatlarının real çəkisini vurğulayıb:
“Ərdoğan Şamda və Qüdsdə namaz qılacağını bəyan etmişdi və Suriyada Əsəd rejiminin devrilməsi bu mesajların neçə prinsipial olduğunu göstərdi. İsrail Türkiyənin hərbi mövqelərini hədəf alarsa, Türkiyə ordusu Qüdsə daxil olub Fələstin dövlətini elan edə bilər. Bununla da Ərdoğanın Qüds bəyanatı tam reallaşmış olacaq”.
“Yaxın Şərqdə Əsas Rol Türkiyəyə Verilib”
Başqan müavini Türkiyənin regional Liderliyini və ABŞ-ın bu prosesdəki mövqeyini qiymətləndirib:
“Yaxın Şərqdə yeni nizamın qurulması rolu Türkiyəyə verilib və ‘Məkkə sazişi’nə ABŞ-ın dəstəyi də məhz bu müstəvidədir. Türkiyə yalnız Yaxın Şərqdə deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyada da əsas güc mərkəzidir. Qərb də Ankaranın bu geosiyasi çəkisini dəstəkləyir. Regionda müstəqil Fələstin dövləti elan olunmalıdır və bu yolda əsas əngəl olan İsrailin müqaviməti qırılmalıdır”






























