Bu il Almaniyaya təsir edən həddindən artıq isti və quraqlığın ölkə iqtisadiyyatına ən azı 36 milyard avro ziyan vurduğu bildirilir.
Avropa.info xəbər verir ki, Beynəlxalq ətraf mühit təşkilatı Greenpeace “Almaniyada həddindən artıq isti yay mövsümünün dəyəri” adlı təhlilini açıqlayıb.
Təhlildə kənd təsərrüfatında məhsul itkisi, meşə yanğınları, sağlamlıq xərclərinin artması və istehsalın azalması kimi amillərin Almaniya iqtisadiyyatında ən azı 36 milyard avro itkiyə səbəb olduğu bildirilib.
Bu məbləğin ölkənin ümumi daxili məhsulunun 0,8-0,9 faizinə uyğun olduğu hesablanıb.
İş dünyasına və istehsala ən böyük zərbə
İsti dalğası ilə bağlı ən böyük maliyyə itkisi iş dünyasında və istehsal proseslərində yaşanıb. Yay dövründə qeydə alınan təqribən 25 həddindən artıq isti gün işçi qüvvəsində məhsuldarlığın itirilməsinə və istehsalda fasilələrə səbəb olub, iqtisadiyyata birbaşa olaraq 10 milyard 800 milyon avro zərər vurub.
Bunun ardınca quraqlıq stresi və yanğınlar nəticəsində meşə fondlarına 5 milyard 7 milyard 500 milyon avro zərər və həddindən artıq istilər səbəbiylə insan itkisi nəticəsində sağlamlıq iqtisadiyyatına 6 milyard 900 milyon avro dəyərində ziyan dəyib.
Quraqlıq səbəbiylə kənd təsərrüfatı sektorunda 3 milyard 400 milyon avro itki olduğu halda, təhsil sisteminə istilik səbəbiylə məktəblərdə öyrənmə səmərəliliyinin azalmasının dəyəri 3 milyard 200 milyon avro olaraq qiymətləndirilib.
Reyn çayında suyun səviyyəsinin rekord qıran azalması və daxili su yolu nəqliyyatının pozulması logistika və sənaye istehsalına 3 milyard 400 milyon avrodan 4 milyard 500 milyon avroya qədər əlavə yük gətirib.
Zərər 36 milyon avrodan çoxdur
Greenpeace səlahiyyətliləri, natamam məlumat axını səbəbindən bəzi sahələrin hesablamaya daxil edilə bilməyəcəyini, buna görə də 36 milyard avroluq ümumi zərərin əslində mühafizəkar aşağı hədd hesab edilməli olduğunu bildirdi.
Greenpeace Maliyyə Eksperti Maurisio Varqas da bu yay yaşanan isti və quraqlığın milyonlarla insan və ölkə iqtisadiyyatı üçün fəlakət olduğunu ifadə edərək, Almaniya hökumətinin iqlim böhranına qarşı təcili olaraq ciddi addımlar atması lazım olduğunu vurğulayıb.






























