İnsanlar uşaq pulu tələb edir. Yəni bir uşağa 100 manat versən də, 200 manat versən də onu həll edə bilməyəcək. O valideyn yenə çətin vəziyyətdə qalacaq. O 200 manatdan da daha çox verilməlidir, belə olmamalıdır. O uşaq pulu verilsin, nə məbləğ verəcəksə dövlət versin.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev gənc ailələrin sosial müdafiəsi, uşaq pulu məsələsi və mənzil problemlərini şərh edərkən bildirib.
“Uşağın baxımı və qidalanmasını dövlət qarşılanmalıdır”
Millət vəkili uşaqların sağlam böyüməsi üçün dövlət dəstəyinin kompleks xarakter daşımasının vacibliyini vurğulayıb:
“Amma bununla yanaşı uşağın baxımı, qidalanması, deyək ki, 3 yaşınadək qidalanması, çünki o vitamin yeməlidir, müəyyən yaxşı uşaq yeməklərilə qidalanmalıdır ki, beyni daha yaxşı işləsin, daha sağlam böyüsün. Onun bütünlükdə müalicəsi, baxımı dövlət tərəfindən böyük bir hissəsi qarşılanmalıdır. Gənc ailə qurandan sonra onun mənzil təminatı ilə bağlı ciddi addım atılmalıdır. Bu gün bir çox ailələrdə uşağı dünyaya gətirdim, mənə, gətirdim 1000 manat, 5000 manat verdi, onu xərcləyəndən sonra uşağına yenə çətin vəziyyətdə qalır. Ona görə də bir çoxu hələ də uşaq dünyaya gətirmək istəmir, gözləyir ki, mən ev təminatımı həll edim”.
“Gənclər uşaq sahibi olmağa qərar verə bilmir”
MCP lideri kirayə mənzil bazarındakı qiymət artımına və ailələrdə yaşanan sosial gərginliklərə diqqət çəkib:
“Çünki mənzil bazarında da kirayələr çox qalxıb. Sadə, orta əməkhaqqı alan insanlar kirayə haqqını ödəyə bilməz və ona görə də onlar daha çox əlçatan ipoteka şərtləri ilə ev ala bilməlidir və buna şərait yaradılmalıdır. Əgər onların ev təminatı həll olunmasa, onda uşaq dünyaya gətirməklə bağlı ciddi qərar verə bilməyəcəklər və o ailənin məsuliyyətini daşımada çətinlik çəkəcəklər. Uşaq baxımı olmalıdır və mənzil təminatı da ən vacib prioritet məsələlərdən biridir. Bir çox gənclər məhz evi olmadığına, mənzil təminatı olmadığına görə uşaq sahibi olmağa qərar vermir. Uşaqlarına mənzil təminatı yarada bilmədiklərinə görə bir ailədən üç ailə çıxır, üçü də bir yerdə yaşayır. O ailədə hüzur da olmur, sakitçilik olmur, daima dava-dalaş, daima narazılıq…”
“Problemlər kompleks həllini tapsın”
Parlamentari hazırladığı qanunvericilik təşəbbüsünün əhəmiyyətini önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Mənim o dediyim bu qanunumuzda bütün bunlar da əsas əksini tapır. Və mən istərdim ki, yəni bu qanun, doğrudan da, dövlət orqanları da qoşulsun bu məsələyə, bu qanun qəbul olunsun və danışdığımız bu problemlər də bunun içərisində kompleks olaraq həllini tapsın”.




























