ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi və Vaşinqtonun Kiyevə münasibəti beynəlxalq siyasi müstəvidə ciddi böhrana yol açıb.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Vaşinqtonun Ukrayna siyasətindəki kəskin dönüşü, Tramp-Putin təmaslarını və bunun qlobal təhlükəsizliyə təsirlərini şərh edərkən bildirib.
“Tramp Vaşinqtonun neytral vasitəçiliyinə son qoydu”
Ekspert ABŞ kəşfiyyat dəstəyinin məhdudlaşdırılması pərdəarxasına və Moskvanın maraqlarının ön plana çəkilməsinə diqqət çəkib:
“Ukraynanın cəbhədə müəyyən uğurlar əldə etməsi, eləcə də Rusiyanın strateji obyektlərinə endirilən zərbələr Kiyevin mövqelərini gücləndirirdi. Lakin Donald Trampın Vladimir Putinlə telefon danışığından və onun yaxın ətrafının Moskva ilə təmaslarından sonra Ukrayna ilə bağlı siyasətində dəyişikliklər baş verdi. Bu isə ABŞ-ın Kiyevə hərbi və kəşfiyyat dəstəyinin məhdudlaşdırılmasına səbəb olub. D. Trampın kürəkəni Kuşner və dostu Uitkofun Moskvaya səfərindən sonra iki lider arasında yeni dostluğun əsasını qoydular.
Göründüyü kimi, Donald Trampın Vladimir Putinə münasibətdə nümayiş etdirdiyi müsbət yanaşma və Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt ritorikası Vaşinqtonun müharibəyə dair mövqeyini Kremlin maraqlarına uyğun dəyişib. ABŞ Ukraynaya dəstəyini azaldaraq Rusiyanın irəli sürdüyü şərtlərə üstünlük verib, bu, Vaşinqtonun neytral vasitəçi mövqeyindən uzaqlaşması və faktiki olaraq Moskvanın maraqlarına uyğun siyasət yürütməsidir”.
“Trampa qarşı impiçment reallaşa bilər”
Başqan müavini ABŞ daxili siyasətində baş verən gərginlikləri və Kongres seçkilərinin gözlənilən nəticələrini vurğulayıb:
“Donald Tramp administrasiyasının bu siyasəti ABŞ-ın həm beynəlxalq nüfuzuna, həm də daxili siyasi vəziyyətinə mənfi təsir göstərməkdədir. Xüsusilə noyabr ayında keçiriləcək aralıq Konqres seçkilərində Respublikaçılar Partiyasının mövqelərinin zəifləməsi istisna deyil. Demokratların Konqresdə üstünlük əldə etməsi Tramp administrasiyasına qarşı siyasi təzyiqi artıra, impiçment təşəbbüsləri ətrafında müzakirələri yenidən gücləndirə bilər. Bununla belə, impiçment prosesinin başlanması və nəticəsi siyasi qüvvələr arasındakı balansdan asılı olacaq”.
“Avropada sağ qüvvələrin güclənməsi…”
Analitik Aİ daxilindəki sağ meyilli partiyaların yüksəlişini və Moskvanın dezinformasiya həmlələrini dəyərləndirib:
“Avropada da Ukraynaya dəstəyin gələcəyi ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Almaniyada Almaniya üçün Alternativ Partiyasının (AfD), Fransada isə Marin Le Penin rəhbərlik etdiyi siyasi düşərgənin mövqelərinin güclənməsi Avropanın Ukrayna siyasətinə təsir göstərə bilər. Bu qüvvələrin bir sıra xarici siyasət məsələlərində tutduğu mövqelər Kiyevə yardımın həcminin və formasının dəyişməsi ehtimalını artırır. Beləliklə, ABŞ-da Tramp administrasiyasının yanaşması ilə Avropadakı bəzi siyasi qüvvələrin mövqeləri arasında müəyyən oxşarlıqlar yaranıb.
Rusiya da Avropadakı siyasi proseslərə təsir göstərməyə çalışır. Moskvanın ayrı-ayrı Avropa ölkələrində Rusiyaya daha yaxın mövqe tutan siyasi qüvvələrə maliyyə və informasiya dəstəyi verməsi ilə bağlı iddialar uzun müddətdir müzakirə olunur. Sosial şəbəkələrdə dezinformasiya kampaniyaları və digər hibrid təsir vasitələri də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Belə fəaliyyətlərin miqyası və konkret siyasi nəticələrə təsiri isə hər bir halda kəşfiyyatla sübut olunur”.
“Kiyevi ərazi güzəştinə məcbur etmək…”
MCP rəsmisi Ukraynanın müqavimət əzmini və transatlantik etimad böhranını önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Bütün bunlara baxmayaraq, Ukrayna Rusiyaya qarşı müqavimətini davam etdirəcək. Kiyevin gələcək imkanları yalnız cəbhədəki vəziyyətdən deyil, həm də Avropa dövlətlərinin siyasi iradəsindən, hərbi sənaye potensialından və ABŞ-la münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq. Avropa liderlərinin Ukraynaya dəstəyi davam etdirməsi bu baxımdan həlledici əhəmiyyət daşıyır. Əgər Respublikaçılar Partiyası noyabr seçkilərində ciddi siyasi itkilərlə üzləşərsə və demokratlar Konqresdə üstünlük əldə edərlərsə, Tramp administrasiyasının Ukrayna siyasətinə qarşı daxili siyasi müqavimət arta bilər.
Əsas məsələ ondan ibarətdir ki, Ukraynanın gələcəyini müəyyən edən istənilən razılaşma ölkənin suverenliyini və təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Kiyevə təzyiq göstərilərək onun ərazi güzəştlərinə məcbur edilməsi Avropada uzunmüddətli təhlükəsizlik böhranını daha da dərinləşdirə bilər. Hazırkı proseslər Vladimir Putinə ABŞ ilə Avropa arasında strateji fikir ayrılıqlarını dərinləşdirmək üçün əlavə imkanlar yaradır. Vaşinqtonun Ukraynaya dəstəyini azaltması isə Avropanı daha müstəqil müdafiə siyasəti yürütməyə sövq edir. Nəticədə transatlantik münasibətlərdə etimad böhranı güclənə və ABŞ-ın müttəfiqləri qarşısında etibarlı tərəfdaş imici zərər görə bilər. Vaşinqtonun atacağı addımlar təkcə Ukrayna müharibəsinin gedişinə deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasına və ABŞ-ın beynəlxalq liderlik mövqeyinə uzunmüddətli təsir göstərə bilər”.





























