Hər bir xalqın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri onun əsrlər boyu formalaşan zəngin irsinin əsasını təşkil edir.
Avropa.info xəbər verir ki, SƏS TV-də yayımlanan və araşdırmaçı jurnalist Rəsul Mirhəşimlinin layihə rəhbəri və aparıcısı olduğu “İrfan saatı” verilişi milli-mənəvi dəyərlərin, Azərbaycanın tarixi-mədəni irsinin və irfan ənənələrinin araşdırılmasına həsr olunur.
İlk verilişdə qonaq olan Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazovla Azərbaycanın mənəvi dünyası, tarixin dərin qatları, mədəniyyətin incəlikləri və milli kimliyin formalaşmasında mühüm rol oynayan dəyərlər müzakirə edilib.
Əhməd Niyazov Seyyid Yəhya Bakuvinin şəxsiyyəti və tarixi missiyası, ona verilən “Piri-sani” — “ikinci pir” adının mahiyyəti, Xəlvətilik məktəbinin inkişafına gətirdiyi yeniliklər barədə ətraflı söhbət edib.
Qeyd edək ki, sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının VII görüşü çərçivəsində Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq elmi-praktiki konfrans keçirilib.
“İrfan saatı” verilişində də bu konfransın əhəmiyyəti, onun Azərbaycanın İslam dünyasının mənəvi və irfani tarixindəki mövqeyinin yenidən dəyərləndirilməsinə verə biləcəyi töhfələr müzakirə mövzusu olub.
Həmçinin Xəlvətilik təriqətinin Azərbaycan torpaqlarındakı tarixi kökləri, xüsusilə Şamaxının Avaxıl kəndi və Pir Ömərlə bağlılığı, bu ənənənin tarixinin Azərbaycan mərhələsindən başlayaraq öyrənilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bununla yanaşı, Şamaxıda doğulan Seyyid Yəhya Bakuvinin fəaliyyətini Bakı ilə bağlayan tarixi amillər, orta əsrlərdə şəhərin dini, elmi və mədəni mühiti də müzakirə edilib. Xəlvətiliyin Şirvandan Anadoluya, Osmanlı coğrafiyasına, Balkanlara, Misirə və Şimali Afrikaya yayılması, bu prosesdə Bakuvinin yetişdirdiyi xəlifələrin rolu da verilişin əsas mövzuları sırasında yer alıb.
Qeyd edək ki, “İrfan saatı” milli-mənəvi irsimizi tanımaq, tarixi köklərimizə qayıtmaq və mənəvi xəzinəmizi yenidən kəşf etmək məqsədi daşıyır.
Veriliş hər həftənin cümə axşamı, saat 15:00-da SƏS TV-nin efirində yayımlanır.




























