ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini kapitulyasiyaya məcbur edir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə ABŞ-Rusiya arasında baş verən son pərdəarxası sövdələşmələri, Ukrayna cəbhəsindəki durumu və proseslərin Cənubi Qafqaza mümkün təsirlərini şərh edərkən deyib.
“Tramp Rusiyaya ciddi referanslar edir”
Ekspert bildirib ki, Tramp və Putin telefon danışığında Ankoric razılaşmalarına qayıdıb.
“Trampın enerji atəşkəsi elan etməsi təktərəfli olaraq Ukraynaya şamil edilib. Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirir. Göründüyü kimi, Tramp Rusiyaya ciddi referanslar edir. Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycan daxil olmaqla Rusiyanın qonşuları üçün təhdiddir”.
“Rusiyanın qələbə şansı yoxdur”
MCP rəsmisi Zelenskinin Vaşinqtonun təzyiqlərinə boyun əyməyəcəyini və bu siyasətin ABŞ daxilində respublikaçılara zərbə vuracağını vurğulayıb:
“Qeyd edim ki, Zelenski ABŞ təzyiqlərinə boyun əyməyəcək. Ukraynanın müqaviməti davam edəcək. Rusiya tərəfinin bundan sonra Ukraynaya qalib gəlmək şansları yoxdur. Trampın bu siyasəti noyabrda keçiriləcək Konqres seçkilərində respublikaçıların məğlub olunmasına gətirib çıxara bilər”.
“Tramp Zəngəzur dəhlizində Moskvaya iştirak payı verə bilər”
Başqan müavini ABŞ-Rusiya ticarət və enerji sövdələşmələrinin regional layihələrə təsirini diqqətə çatdıraraq fikirlərini yekunlaşdırıb:
“Rusiya ilə ticarət sövdələşməsi Cənubi Qafqaza da öz mənfi təsirini göstərə bilər. Xüsusilə, D. Tramp Zəngəzur dəhlizi – TRİPP marşrutunda Rusiyaya müəyyən bir iştirak payı verə bilər”.



























