Özəl pensiya sistemi yaradılırsa, vətəndaşın uzun illər ərzində topladığı vəsaitin qorunması, idarə olunması və gəlirlilik prinsipləri çox dəqiq müəyyənləşdirilməlidir. Layihənin hazırlanması ilə bağlı iş aparılıb, müxtəlif ölkələrin təcrübəsi öyrənilib və aidiyyəti qurumlar arasında müzakirələr keçirilib.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev qeyri-dövlət pensiya fondlarının yaradılması perspektivlərini və hüquqi mexanizmlərin əhəmiyyətini dəyərləndirərkən bildirib.
“Əsas məsələ sistemin nə vaxt başlaması deyil”
Millət vəkili qanun layihəsinin parlamentə təqdim olunması və tətbiqi müddəti ilə bağlı dəqiqləşmələrin aparıldığını qeyd edib:
“Lakin bu sistemin necə maliyyələşdiriləcəyi, işçi və işəgötürənin prosesdə hansı formada iştirak edəcəyi, fondların fəaliyyətinə nəzarətin necə qurulacağı kimi məsələlər dəqiqləşdirilməlidir. Mən bunu gecikmə kimi yox, belə mühüm sistemin məsuliyyətlə hazırlanması prosesi kimi qiymətləndirərdim. Çünki özəl pensiya fondunda vətəndaşın illərlə yığdığı vəsaitdən söhbət gedəcək və burada tələsik qərardan daha çox, etibarlı hüquqi və maliyyə mexanizminin qurulması əhəmiyyətlidir.
Hazırda Milli Məclisin açıq qanunvericilik gündəliyində ‘Qeyri-dövlət pensiya fondları haqqında’ ayrıca qanun layihəsinin müzakirəyə çıxarılması barədə konkret məlumat yoxdur. Ona görə konkret tarix demək düzgün olmaz. Əsas məsələ təkcə ‘nə vaxt başlayacaq?’ sualı deyil. Əsas məsələ sistem başlayanda onun vətəndaş üçün nə dərəcədə təhlükəsiz və etibarlı olacağıdır”.
“Əlavə kapital formalaşdırmaq imkanı verəcək”
MCP başqanı sistemin üstünlüklərini və iqtisadi dividentlərini vurğulayaraq fikirlərini yekunlaşdırıb:
“Özəl pensiya fondları vətəndaşların gələcək pensiya təminatına əlavə imkan yarada bilər. Ən böyük üstünlük pensiya təminatının yalnız bir mənbədən asılı olmamasıdır. Dövlət pensiyası əsas təminat olaraq qalmaqla yanaşı, vətəndaş öz gələcək pensiyası üçün əlavə kapital formalaşdırmaq imkanı əldə edə bilər. Düzgün tənzimlənən özəl pensiya fondlarında toplanan uzunmüddətli vəsaitlər investisiya alətlərinə yönəldilərsə, bu kapital həm vətəndaşa gələcəkdə əlavə gəlir yaratmağa, həm də iqtisadiyyatda uzunmüddətli maliyyə resurslarının artmasına xidmət edər.
Amma bunun üçün ən vacib şərt etimaddır. Mənim yanaşmam budur ki, özəl pensiya sistemi dövlət pensiyasını əvəz edən mexanizm kimi yox, ona əlavə və könüllü seçim imkanı yaradan ikinci sütun kimi formalaşarsa, vətəndaş üçün daha faydalı nəticə verə bilər”.






























