Kənd təsərrüfatı məhsulları istehsalçılarının vergi güzəştlərindən istifadə etməsi üçün elektron informasiya sistemlərində qeydiyyatdan keçməsi və gəlirlərini bəyan etməsi şəffaflıq baxımından anlaşılandır. Lakin bu prosesdə kiçik ailə təsərrüfatlarının mühasibatlıq imkanları nəzərə alınmalı, elektron qeydiyyat və hesabat tələbləri kiçik fermerlər üçün əlavə inzibati yükə çevrilməməlidir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev aqrar sahədə təklif olunan vergi dəyişikliklərini və fermerlərin hesabatlılıq mexanizmlərini şərh edərkən bildirib.
Kiçik fermerlə iri aqrar müəssisənin imkanları eyni deyil
Millət vəkili qeyd edib ki, bir neçə hektar torpaqda çalışan kiçik təsərrüfat sahibləri üçün sadə və anlaşılan uçot mexanizmi yaradılmalı, onların istehsal xərcləri real şəkildə tanınmalıdır:
“Təklifə görə, güzəştdən istifadə etmək üçün istehsalçılar EKTİS-də qeydiyyatda olmalı və gəlirlərini vergi bəyannaməsində göstərməlidirlər. Lakin bir neçə hektar torpaqda ailə təsərrüfatı ilə məşğul olan fermerlə böyük aqrar müəssisənin mühasibatlıq imkanları eyni deyil. Xüsusilə istehsal xərclərinin düzgün tanınması vacibdir. Fermerin toxum, gübrə, yanacaq, texnika, suvarma, əməkhaqqı və digər xərcləri real şəkildə nəzərə alınmalıdır. Əks halda, kağız üzərində hesablanan gəlirlə faktiki qazanc arasında ciddi fərq yarana bilər”.
Aqrar güzəştlərin ləğvindən söhbət getmir
MCP başqanı ictimai müzakirələrdə dəyişikliklərin mahiyyətinin düzgün izah edilməsinin vacibliyini vurğulayaraq, əsas güzəştlərin qorunub saxlanıldığını diqqətə çatdırıb:
“Bu dəyişiklik bütün aqrar vergi güzəştlərinin ləğvi demək deyil. Təkliflərdə dövlət büdcəsindən verilən subsidiyaların vergidən azad edilməsi, sadələşdirilmiş vergi üzrə tam azadolmanın müəyyən şərtlərlə davam etdirilməsi və digər güzəştlərin saxlanılması nəzərdə tutulur. Əsas məsələ aqrar sahədə vergi intizamını gücləndirməklə yanaşı, fermerlərin istehsal imkanlarını qorumaqdır. Kiçik ailə təsərrüfatları üçün sadələşdirilmiş hesabat mexanizmi yaradılmalı, bəyannamə prosesi asanlaşdırılmalıdır”.
Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin əsas dayağıdır
Parlamentari aqrar siyasətin əsas hədəfinin fermerləri istehsala təşviq etmək olduğunu bildirib:
“Unutmamalıyıq ki, kənd təsərrüfatı yalnız vergi ödəyən iqtisadi fəaliyyət sahəsi deyil. Bu sahə ərzaq təhlükəsizliyinin, kənd yerlərində məşğulluğun və daxili istehsal potensialının əsas dayaqlarından biridir. Fermerin istehsala marağını azaltmaq deyil, onun daha çox məhsul istehsal etməsinə, bazara çıxmasına və gəlir əldə etməsinə şərait yaratmaq aqrar siyasətin əsas məqsədi olmalıdır”.




