Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX/KŞX) əməkdaşları keçmiş prezident Robert Köçəryanın oğlu, deputat Levon Köçəryanın evinə gəliblər.
Avropa.info xəbər verir ki, bu barədə müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan məlumat verib.
Manukyan hadisənin yerli vaxtla səhər saat 07:00-da baş verdiyini bildirib.
Ermənistanın Antikorrupsiya Komitəsi Köçəryanın oğlunun evində axtarış aparılması barədə məlumatı təsdiqləyib. “Ermənistan Respublikasının Antikorrupsiya Komitəsi tərəfindən korrupsiya cinayətləri ilə bağlı aparılan cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir”, — deyə Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib.
Bundan əlavə, “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan “Azatutyun” nəşrinə Robert Köçəryanın Milli Təhlükəsizlik Xidmətinə aparıldığını bildirib. Başqa təfərrüatlar hələlik bəlli deyil.






























