“Dünyanın müxtəlif bölgələrində Islamofobiyanın artması, məscidlərə və müsəlmanlara qarşı hücumlar yalnız xristian dünyası ilə ideoloji mübarizə deyil, həm də Asiyada – Hindistan, Myanma və Çində kütləvi təzyiqlərlə müşahidə olunan qlobal böhrandır. Lakin İslamın beynəlxalq nüfuzunun zəifləməsinin və təhlükə mənbəyi kimi görülməsinin əsas günahkarları dinin siyasiləşdirilməsi, təriqət qarşıdurmaları və radikal qruplaşmalardır”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a dünyada artan İslamofobiya meyllərini, radikal təşkilatların mənfi təsirlərini və İslamın beynəlxalq imicini zədələyən 4 əsas amili şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.
“İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”
MCP rəsmisi İslam dünyasının daxilindəki ideoloji problemlərə və teokratik rejimlərin mənfi roluna diqqət çəkib:
“Qərbdə İslama qarşı ideoloji rəqabət gedirsə, Asiya ölkələrində bu, daha sərt və kütləvi cinayətlərlə özünü göstərir. Lakin dinin beynəlxalq imicini ən çox zədələyən İŞİD, Əl-Qaidə, Taliban kimi radikal qrupların fəaliyyətindən ziyadə, bəzi müsəlman dövlətlərinin İslamı geosiyasi maraqlar üçün alətə çevirməsidir. Xüsusən İranın teokratik rejiminin yürütdüyü dinin siyasiləşdirilməsi xətti və daxili təriqət qarşıdurmaları İslamın təhlükə kimi qəbul edilməsinə zəmin yaradıb”.
“İslamın Hədəfə Çevrilməsinin 4 Əsas Səbəbi”
Başqan müavini İslamın beynəlxalq aləmdə nüfuzdan düşməsini şərtləndirən 4 əsas amili vurğulayıb:
“Birincisi, digər sivilizasiyaların İslamla informasiya və geosiyasi rəqabəti; ikincisi, radikal terror təşkilatlarının fəaliyyətinin dinlə eyniləşdirilməsi və daxili təriqət qarşıdurmaları; üçüncüsü, dinin dövlətlərin geosiyasi alətinə çevrilərək siyasiləşdirilməsi; dördüncüsü isə İslamın iqtisadi gəlir və biznes layihəsinə çevrilməsidir. Məhz bu dörd faktor İslamın beynəlxalq hədəfə çevrilməsinə gətirib çıxarıb”.






























