“Kollektiv Qərb ərəb dünyasına demokratiya deyil, idarəolunan xaos, qan və parçalanma gətirdi. Müsəlman ölkələrində monarxiya rejimlərinin qalmasında maraqlı olan Qərb savadsızlaşdırılmış toplumlar üzərində istila siyasətini aparır. Ərəb dünyası tayfa təfəkküründən qurtulmayıb birləşmədikcə, öz cəlladının baltasını itiləyən bədbəxt qurbanlar kimi sırasını gözləməyə məkumdur”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Yaxın Şərqdəki qarşıdurmaları və Qərbin regiondakı imperialist maraqlarını şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.
“Ərəblər İttifaq Etməməyə İttifaq Ediblər”
Ekspert İbn Xaldunun kəlamını xatırladaraq ərəb dünyasındakı dərin parçalanmaya diqqət çəkib:
“Səddamın edamından sonra Qəddafi sammitdə ‘Hamımızı bir-bir asacaqlar’ deyəndə digər liderlər gülürdü. Çox keçmədən onlar da devrildi, xalqları qırğına, sərvətləri talana məruz qaldı. İbn Xaldunun dediyi kimi, ərəblər birləşməməyə söz vermək üçün toplanırlar. Çünki hələ də tayfa-qəbilə psixologiyası hakimdir. Bu gün ərəb ölkələri ABŞ, Avropa və İsrailin əlaltısı və canlı qalxanı kimi istifadə olunur”.
“Demokratiya İddiası Qarmağa Keçirilmiş Yemdir”
MCP rəsmisi Qərbin müsəlman dünyasındakı geopolitik manevrlərini tənqid edib:
“Qərb üçün demokratiya balığı tutmaq üçün qarmağa keçirilmiş yemdir. Onlar ərəb ölkələrində elmin inkişafında maraqlı deyillər. Çünki savadlı xalqın içindən milli lider çıxar. İndiki şəraitdə isə yalnız özlərinin təhrik etdiyi terrorçular ortaya çıxır. ABŞ və İran regional dövlətləri öz maraqları üçün alətə çevirib. Bu gedişlə İsrail gələn 50 ildə ərəb torpaqlarının böyük hissəsini ələ keçirərək onları tam köləyə çevirəcək”






























