ABŞ Prezidenti Donald Tramp ölkədə mikroçip istehsalına yatırılan investisiyaların rekord həddə çatdığını bildirib.
Avropa.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, “Micron” şirkəti ABŞ-da yaddaş çiplərinin istehsalı üçün investisiyalarını 250 milyard dollara çatdıracaq.
“İnvestisiyalar artmaqda davam edir. Trampın təsiri realdır. Micron ABŞ-da yaddaş çipləri istehsal etmək üçün investisiyalarını nəhəng 250 milyard dollara qədər artırır”, – deyə Tramp yazıb.
ABŞ Prezidenti əvvəlki administrasiyanı sərt tənqid edərək bildirib ki, demokratlar uzun illər Amerika sənayesinin inkişafına mane olublar.
Tramp qeyd edib ki, hazırkı administrasiya istehsalın ABŞ-a qaytarılması, təchizat zəncirlərinin möhkəmləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində addımlar atır.
“Biz iş yerlərini məhv edən qaydaları ləğv edirik, yeni layihələrə yol açırıq. Bu, ölkə üzrə minlərlə yeni iş yeri deməkdir. Əsl iqtisadi təhlükəsizlik Amerikada istehsal olunan məhsullardan başlayır”, – deyə o vurğulayıb.




























