“ABŞ Prezidenti Donald Trampın İrana növbəti “son şans” xəbərdarlığı etməsi və əks halda ciddi nəticələrin olacağını bildirməsi Vaşinqtonun Tehran siyasətində yeni xətt deyil, əvvəlki daxili və xarici ritorikanın davamıdır. Son aylarda o, bir neçə dəfə analoji ritorikadan istifadə edərək “indi razılaşın, sonra gec olacaq” mesajını çatdırıb”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Vaşinqtonun “Son Şans” Ritorikası”
Ekspert ABŞ-nin İran siyasətində diplomatiya pərdəsi altında yürütdüyü strategiyanın mahiyyətini açıqlayıb:
“Xüsusilə 2025-ci ilin sonlarından başlayaraq ABŞ rəhbərliyi dəfələrlə İrana ‘diplomatiya üçün qapı hələ də açıqdır, əks halda ağır nəticələr olacaq’ xəbərdarlıqlarını edib. Bu bəyanatların bir hissəsi ABŞ-nin hərbi zərbələrindən əvvəl, bir hissəsi isə həmin zərbələrdən sonra səsləndirilib. Hər dəfə də Vaşinqton diplomatik imkanların tam bitmədiyini nümayiş etdirməyə çalışıb. Lakin eyni ritorikanın ardıcıl şəkildə təkrarlanması prosesin strateji məzmunundan çox, psixoloji təsir xarakteri daşıdığını göstərir”.
“Tehranda Formalaşan “Psixoloji İmmunitet””
MCP rəsmisi tez-tez təkrarlanan ultimatumların inandırıcılıq dərəcəsini itirdiyini vurğulayıb:
“Bu cür davamlı xəbərdarlıqlara qarşı Tehranda artıq müəyyən mənada ‘psixoloji immunitet’ formalaşıb. İran rəhbərliyi hesab edir ki, ABŞ-nin ‘maksimum təzyiq’ siyasəti danışıqlar masasında yalnız güc göstərisi və psixoloji alətdir. Tez-tez ‘son şans’ ifadəsi işlədilməsinə baxmayaraq, bunun ardınca dərhal tammiqyaslı müharibənin baş verməməsi Tehranın bu bəyanatlara müəyyən qədər ehtiyatla və blef kimi yanaşmasına yol açır. İran rəhbərliyi Vaşinqtonun bölgedə böyük müharibənin siyasi və iqtisadi fəsadlarından çəkindiyini düşünür. Diplomatiyada eyni ultimatumun dəfələrlə təkrarlanması onun inandırıcılıq çəkisini azaldır və qarşı tərəfdə təsir gücünü zəiflədir”.






























