İsrail ordusu işğal altındakı Şərqi Qüdsdəki Kalendiya Qaçqınlar Düşərgəsi və Kefr Akab qəsəbəsinə genişmiqyaslı basqın edərək, düşərgədəki məscidlərdə səhər namazının oxunmasının qarşısını alıb.
Avropa.info bildirir ki, Qüds Qubernatorluğundan verilən açıqlamaya görə, İsrail əsgərləri səhər saatlarında çox sayda hərbi maşınla Şərqi Qüdsün şimalındakı Kalendiya Qaçqınlar Düşərgəsi və Kefr Akab qəsəbəsinə basqın edib.
Hərbi maşınların sıx şəkildə yerləşdirildiyi Kefr Akabda komendant saatı tətbiq edilərkən, Kalendiyadakı məscidlərdə səhər azanının oxunmasına icazə verilməyib.
İsrail ordusunun bəzi sakinlərə göndərdiyi mesajlarda “düşərgədə genişmiqyaslı hərbi əməliyyata başlanıldığı” bildirilib.
Bundan əlavə, 2018-ci ildə Kalendiya Qaçqınlar Düşərgəsində İsrail qüvvələri tərəfindən öldürülən Leys Şuaninin atası da saxlanılıb.
Digər tərəfdən, İsrail hərbi maşını düşərgə ətrafında bir fələstinli gənci vurub. Gəncin səhhətinin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
İsrailin Qəzza zolağına hücuma başladığı 2023-cü ilin oktyabrından bəri işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
Fələstinin rəsmi məlumatlarına görə, İsrail ordusu və İordan çayının qərb sahilində Fələstin torpaqlarını qəsb edən israillilərin hücumları nəticəsində 1182-dən çox fələstinli həyatını itirib, 13 minə yaxın insan isə yaralanıb, 24 minə yaxın fələstinli isə həbs edilib.






























