Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi ziddiyyətlər və gərginliklər kəskinləşir. Nikol Paşinyanın Moskvaya gözlənilən səfəri çərçivəsində Vladimir Putinlə görüşündə əsas müzakirə mövzularından biri Ermənistanın xarici siyasət oriyentasiyası, xüsusilə Avropa İttifaqı (Aİ) ilə inteqrasiya məsələsi və Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) gələcək statusu olacaq.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“İqtisadi Güzəştləri Ləğv Edə Bilər”
Ekspert Moskva görüşündə tərəflər arasında ciddi razılaşmanın əldə olunmasını çətin qiymətləndirib:
“Tərəflər arasında bu məsələlərlə bağlı hər hansı ciddi razılaşmanın əldə olunması çətin görünür. Əksinə, Moskva İrəvanın Aİ-yə inteqrasiya kursundan narazılığını daha açıq şəkildə ifadə edə və Ermənistana qarşı iqtisadi təzyiq mexanizmlərindən istifadə edə bilər. Bu çərçivədə Rusiyanın Ermənistana tətbiq etdiyi müəyyən iqtisadi və gömrük güzəştlərini məhdudlaşdırması və ya ləğv etməsi ehtimalı da gündəmə gələ bilər”.
“Rusiya Və İranın Maraqları Üst-Üstə Düşür”
MCP rəsmisi regional təhlükəsizlik kontekstində İran faktorunun və Gümrüdəki 102-ci hərbi bazanın roluna toxunub:
“İran da Ermənistan ərazisində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı narahatlığını ifadə edir. Xüsusilə ABŞ hərbçilərinin və ya üçüncü ölkələrin hərbi kontingentinin Ermənistan ərazisində yerləşdirilməsinin milli təhlükəsizliyinə təhdid olduğunu bildirən Tehranın mesajlarını Rusiya-Ermənistan münasibətlərindən ayrı qiymətləndirmək çətindir. Rusiya və İranın bu məsələlərdə maraqları üst-üstə düşür və koordinasiyalı siyasət yürütmələri mümkündür. Moskva görüşündə regional layihələr, xarici hərbi qüvvələrin mümkün iştirakı və Gümrüdəki 102-ci hərbi baza ilə bağlı məsələlərin də gündəmə gələcəyi gözlənilir”.
“Fikir Ayrılıqlarının Aradan Qalxması Real Görünmür”
Başqan müavini İrəvanın balanslaşdırma cəhdlərini və diplomatik manevrlərini şərh edib:
“Paşinyan hökuməti Rusiya ilə münasibətlərdə siyasi və iqtisadi balansı qorumağa çalışır. İrəvan hesab edir ki, Rusiya ilə əlaqələrin saxlanılması onun müstəqil xarici siyasətinə mane olmur, əksinə manevr imkanlarını genişləndirir. Eyni zamanda, Aİ-nin Ermənistana dəstəyini artırması İrəvanın qarşısında alternativ imkanlar yaradır. Bu səbəbdən Moskva ilə İrəvan arasındakı fikir ayrılıqlarının yaxın perspektivdə tam aradan qalxması real görünmür. Putin-Paşinyan görüşünü yekun qırılma nöqtəsi kimi deyil, mövcud ziddiyyətlərin dərinləşdiyini göstərən mühüm mərhələ kimi qiymətləndirmək daha doğru olar”.






























