“The Economist” nəşrinin məlumatına görə, Vaşinqton geniş siyasi və iqtisadi dəyişiklikləri nəzərdə tutan Ukrayna müharibəsinə son qoymaq üçün mümkün sülh planını müzakirə edir. Bu plana Kiyevin NATO-dan imtinası, Donbassda silahsızlaşdırılmış zonanın yaradılması və Rusiya ilə irimiqyaslı iqtisadi razılaşmalar daxildir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) Zərdab rayon təşkilatının sədri, “Avropa.info” xəbər portalının baş redaktoru Şirvani Hümmətoğlu ABŞ-nin Ukrayna münaqişəsi ilə bağlı müzakirə etdiyi yeni sülh planını və bunun regional nəticələrini şərh edərkən bildirib.
“Moskvaya sanksiyaların ləğvi təklif olunur”
MCP rəsmisi təşəbbüsün əsas şərtlərini və tərəflərə təklif olunan güzəştləri vurğulayıb:
“Təşəbbüsün əsas elementlərindən biri Ukraynanın təhlükəsizlik sahəsində gələcək kursunun dəyişdirilməsi ola bilər. Bunun müqabilində Kiyevə investisiya və Avropa İttifaqına üzvlük perspektivinin təklif olunacağı gözlənilir. Eyni zamanda, Ukraynanı Rusiyanın təkrar hücumundan qorumaq üçün real mexanizmlər məsələsi əsas olaraq qalır. Digər təkliflər bloku isə Rusiya ilə bağlıdır. Mümkün razılaşma çərçivəsində Moskvaya sanksiyaların yumşaldılması, Vaşinqtonla iqtisadi razılaşmaların bərpası və Qərb ölkələri ilə münasibətlərə tədricən qayıtmaq təklif oluna bilər”.
“Rusiya qazının Avropaya qayıdışı gündəmdədir”
Politoloq planın enerji komponentinə və qlobal bazara təsirlərinə diqqət çəkib:
“Enerji komponenti xüsusi diqqəti cəlb edir. Məlumata görə, müzakirə olunan variantlar arasında Rusiya qazının Avropa bazarına qaytarılması və “Şimal axını” qaz kəmərində işlərin bərpası daxildir. Bu cür addımlar Rusiya ilə Avropa arasında enerji münasibətlərini dəyişə bilər, lakin onların həyata keçirilməsi bir sıra siyasi və hüquqi məsələlərin həllini tələb edərdi. Potensial plan müharibənin bir neçə ən çətin mövzusuna toxunur: ərazi məsələsi, Ukrayna üçün təhlükəsizlik təminatları, sanksiyalar siyasəti və Moskva ilə enerji əməkdaşlığının gələcəyi”.
“Təkliflər uzunmüddətli sülh gətirəcək?”
Ekspert kompromis ehtimallarını və yekun sənədin gələcək taleyini şərh edərək fikirlərini yekunlaşdırıb:
“Eyni zamanda, mümkün şərtlərin müzakirəsi faktının özü o demək deyil ki, tərəflər yekun sənəd üzrə razılığa gəliblər. Kiyev, Moskva və avropalı tərəfdaşların hansı təklifləri qəbul etməyə hazır olduqları da məlum deyil. Əsas intriqa ondan ibarətdir ki, Vaşinqton müharibəni dayandırmaq üçün Ukraynanı uzunmüddətli təhlükəsizliklə təmin edəcək və yeni münaqişə ərəfəsində sadəcə müvəqqəti fasiləyə çevrilməyəcək formul təklif edə biləcəkmi



























