Fransada baş verən etiraz aksiyaları, xüsusilə 2018–2019-cu illərdə geniş vüsət alan “Sarı jiletlilər” hərəkatı hökumətin sosial-iqtisadi siyasətinə qarşı ciddi narazılığın göstəricisi idi. Həmin etirazlar Fransanın siyasi həyatına əhəmiyyətli təsir göstərməklə yanaşı, Avropada sağ və ifrat sağçı siyasi qüvvələrin güclənməsi üçün də müəyyən zəmin yaratdı.
Avropa.info xəbər verir ki, bunuSosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Fransadakı son kütləvi aksiyaları, Avropa daxilində artan sosial-siyasi narazılıqları və bunun qlobal nəticələrini şərh edərkən bildirib.
“Sağçı qüvvələr ön plana çıxır”
Ekspert cəmiyyətdə dərinləşən bərabərsizliyə və müxtəlif sosial qrupların etiraz dalğasına diqqət çəkib:
“Hazırda Fransada baş verən etirazlar Avropada siyasi fəallaşmanın və cəmiyyətdə artan narazılığın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Sosial bərabərsizlik, yaşayış xərclərinin yüksəlməsi, hökumətlərin qəbul etdiyi qərarlar və miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqları müxtəlif sosial qrupların etirazlarına səbəb olur. Bu proseslərin digər Avropa ölkələrinə yayılması isə yeni siyasi hərəkatların formalaşmasına şərait yarada bilər. Avropada liberal-demokratik siyasi sistemə ictimai etimadın zəifləməsi, ənənəvi partiyalara qarşı narazılığın artması və sağçı siyasi qüvvələrin ön plana çıxması diqqət çəkən tendensiyalardandır. Bununla belə, etirazların bütün iştirakçılarını eyni siyasi mövqedə birləşdirmək düzgün olmazdı. Bu aksiyalarda müxtəlif sosial qruplar, fərqli siyasi baxışlara malik insanlar və miqrasiya siyasətindən narazı olan qüvvələr iştirak edə bilərlər”.
“Fransanın rolu ABŞ-la münasibətlərə birbaşa təsir edir”
MCP rəsmisi xarici siyasi faktorları və digər Avropa ölkələrindəki bənzər aksiyaları vurğulayıb:
“Digər tərəfdən, Avropa İttifaqının beynəlxalq siyasi proseslərdə daha fəal mövqe tutması, xüsusilə Fransanın Avropanın siyasi və təhlükəsizlik gündəliyindəki rolu ABŞ-la münasibətlərə də təsir göstərir. Avropada baş verən etirazların arxasında müəyyən xarici siyasi mərkəzlərin dayanması ehtimalı barədə fikirlər səsləndirilsə də, bu iddiaları təsdiqləyən konkret sübutlar olmadan qəti nəticəyə gəlmək doğru deyil. Albaniya, Serbiya və İtaliya kimi ölkələrdə müşahidə olunan etirazlar da Avropada sosial və siyasi narazılığın müxtəlif formalarda təzahür etdiyini göstərir. Bu proseslərin gələcəkdə digər ölkələrə yayılması mümkündür. Belə bir ssenari Avropa hökumətlərini miqrasiya, sosial təminat, ictimai təhlükəsizlik və iqtisadi siyasət sahələrində daha sərt qərarlar qəbul etməyə sövq edə bilər”.
“Kütləvi aksiyalar Avropanın gələcək kursuna zərbə vurur”
Başqan müavini kütləvi aksiyaların sosial-iqtisadi fəsadlarını önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Etiraz aksiyaları nəqliyyatın fəaliyyətinə, turizm sektoruna və insanların gündəlik həyatına da mənfi təsir göstərir. Xüsusilə Fransa kimi turizm baxımından mühüm ölkədə kütləvi aksiyalar turistlərin səfər planlarına və xidmət sektoruna təsirsiz ötüşmür. Fransada baş verən etirazlar təkcə daxili sosial narazılıqla məhdudlaşmır, həm də Avropanın gələcək siyasi istiqaməti ilə bağlı daha geniş müzakirələrin bir hissəsidir. Bu proseslərin hansı nəticələrə gətirib çıxaracağı etirazların miqyasından, hökumətlərin reaksiyasından və siyasi qüvvələrin yaranmış vəziyyətdən necə istifadə etməsindən asılı olacaq”.




























