Bu qanun layihəsi ilə bağlı əsas narahatlığım satınalmaların əhatə dairəsinin genişləndirilməsindən daha çox, bu prosesin nə qədər şəffaf və rəqabətli həyata keçiriləcəyidir. Çünki dövlət satınalmaları sahəsində bu günə qədər sahibkarların kifayət qədər ciddi narazılıqları olub.
Avropa.info xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev dövlət satınalmaları haqqında qanunvericiliyə təklif olunan dəyişiklikləri və xüsusi satınalma rejiminin əhatə dairəsinin genişləndirilməsinə münasibət bildirərkən deyib.
“Dövlət qurumu da etiraf edib”
Millət vəkili satınalma sistemində rəqabətin pozulması və sahibkarların əsassız kənarlaşdırılması risklərinə diqqət çəkib:
“Söhbət yalnız ayrı-ayrı texniki problemlərdən getmir. Satınalmaların şəffaflığı, tender şərtlərinin hazırlanması, rəqabətin təmin olunması, sahibkarların əsassız olaraq prosesdən kənarlaşdırılması və nəticələrin əsaslandırılması ilə bağlı suallar dəfələrlə səsləndirilib. Hətta dövlətin özünün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderlərdə konkret markaya və ya konkret iştirakçıya üstünlük verə biləcək məhdudlaşdırıcı texniki tələblərin yolverilməz olduğunu xüsusilə qeyd edib. Bu o deməkdir ki, sözügedən risklərin reallığı hər kəsə məlumdur. Deməli, biz məsələni yalnız sahibkarların narazılığı kimi təqdim edə bilmərik. Sistemin özündə də ciddi nəzarət tələb edən məqamlar olub və bu, aidiyyəti qurumlar tərəfindən də etiraf edilib”.
“Daha çox şəffaflıq nümayiş etdirməlidir”
MCP başqanı xüsusi satınalma rejiminin əhatə edəcəyi yeni subyektlərin siyahısına və hesabatlıq məsələsinə toxunub:
“İndi isə təqdim olunan layihə ilə xüsusi satınalma rejiminin əhatə dairəsi daha da genişləndirilir. Buraya dövlət müəssisələri ilə yanaşı, dövlət payı olan təsərrüfat cəmiyyətləri, publik hüquqi şəxslər və onların təsisçisi və ya iştirakçısı olduğu hüquqi şəxslər də daxil edilir. Burada çox açıq bir sual vermək istəyirəm: Əgər onsuz da şəffaflıqla bağlı narazılıqların olduğu bir sahədə xüsusi satınalma rejiminin əhatəsini genişləndiririksə, şəffaflığın təmin olunması üçün əlavə hansı mexanizmləri yaradırıq? Xüsusi qayda o deməkdir ki, həmin qurumlar daha az hesabat verməlidir. Məncə, əksinə, ümumi satınalma qaydalarından kənara çıxan hər bir qurum daha çox şəffaflıq nümayiş etdirməlidir”.
“Sahibkarın şikayət hüququ kağız üzərində qalmamalıdır
Parlamentari yeni qaydaların prinsiplərinin əvvəlcədən aydın olmasının və sahibkarların hüquqlarının real müdafiəsinin vacibliyini vurgulayaraq fikirlərini yekunlaşdırıb:
“Layihədə həmin subyektlərin satınalma qaydalarının ayrıca müəyyən ediləcəyi nəzərdə tutulur. Qanunvericilər olaraq bizim üçün ən vacib məsələ həmin qaydaların hansı prinsiplər əsasında hazırlanacağının əvvəlcədən aydın olmasıdır. Sahibkar tenderdə iştirak etmək üçün hansı şərtlərin olduğunu, qiymətləndirmənin necə aparılacağını, bir şirkətin nə üçün qalib elan edildiyini, digərinin isə niyə kənarlaşdırıldığını və pozuntu gördükdə hara müraciət edə biləcəyini dəqiq bilməlidir. Əslində, mövcud qanunvericilik sahibkara şikayət etmək hüququ verir. Təchizatçı satınalan təşkilatın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən şikayət edə, müəyyən hallarda nəzarət orqanına və məhkəməyə müraciət edə bilər. Lakin düşünürəm ki, şikayət hüququnun yalnız kağız üzərində qalması kifayət deyil, onun real işlək mexanizmə çevrilməsi vacibdir”.




























