Televiziya kanallarının birində Qara Qarayev prospektində yerləşən bir yeməkxana ilə bağlı süjetə rast gəldim. Guya sakinlər obyektdən yayılan qoxudan narazıdırlar, müsahibələr alınır və süjetin sonunda obyektin fəaliyyətinin dayandırıldığı bildirilir. Burada məni düşündürən qoxu məsələsindən daha çox başqa bir məqam oldu: bir televiziya süjetinin nəticəsində kiçik sahibkarın fəaliyyəti dayanırsa, bu məsuliyyəti kim daşıyır?
Avropa.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev bəzi media qurumlarının kiçik sahibkarlara qarşı qərəzli yanaşmasını və bunun fəsadlarını şərh edərkən bildirib.
Obyektin bağlanmasına media qərar verə bilmız…
MCP rəsmisi obyektin bağlanması qərarının yalnız hüquqi müstəvidə verilməli olduğunu vurğulayıb:
“Əgər obyekt qanun pozuntusuna yol verirsə, aidiyyəti qurumlar araşdırmalı, pozuntu təsdiqlənərsə, qanun çərçivəsində tədbir görülməlidir. Amma media qurumunun hazırladığı süjet faktiki olaraq sahibkarın fəaliyyətinin dayandırılmasına gətirib çıxarırsa, burada artıq medianın öz fəaliyyəti də ciddi suallar doğurur. Təəssüf ki, son vaxtlar bəzi media qurumlarının kiçik biznes obyektlərinə münasibətində narahatedici yanaşmalar görünür. Sanki yeni açılan hər obyekt potensial süjet, hər sahibkar isə təzyiq göstərilə biləcək bir hədəfdir. Sahibkarın mövqeyi və məsələnin hüquqi tərəfi tam araşdırılmadan ictimai rəy formalaşdırılır”.
Sahibkar kampaniya qurbanı olmamalıdır...
Başqan müavini kiçik biznesin çətinliklərinə və oxşar təzyiq hallarına diqqət çəkib:
“Bir obyekt açmaq üçün insan nə qədər zəhmət çəkir, nə qədər vəsait xərcləyir, neçə nəfəri işlə təmin edir. Belə bir şəraitdə onun fəaliyyətini mənfi ictimai kampaniyanın hədəfinə çevirmək, nəticədə iş yerinin bağlanmasına səbəb olmaq kiçik məsələ deyil. Bu yaxınlarda bir dostumuzun yeni tikilmiş, sənədləri qaydasında olan obyektinə qarşı da oxşar münasibətin şahidi olmuşduq. Mən bunu sadəcə tənqid deyil, sahibkarın fəaliyyətinə ciddi zərər vura bilən bir hücum kimi qiymətləndirirəm. Media nəzarət etməlidir, amma özü də nəzarətsiz gücə çevrilməməlidir”.
Sahibkarlara təzyiq hallarını araşdırmalıdır…
Başqan müavini media tənzimləyici qurumları məsələyə adekvat reaksiya verməyə çağıraraq fikirlərini yekunlaşdırıb:
“Jurnalistikanın vəzifəsi kiminsə biznesini bağlatmaq deyil, problemi araşdırmaq və aidiyyəti qurumların qanuni tədbir görməsinə şərait yaratmaqdır. Əks halda, ictimai nəzarətlə sahibkara təzyiq göstərmək arasındakı sərhəd aradan qalxır. Düşünürəm ki, bu cür hallara dövlət qurumları, xüsusilə media sahəsində qanunvericiliyə riayət olunmasına nəzarət edən qurumlar diqqətlə yanaşmalıdırlar. Məqsəd medianı susdurmaq deyil. Məqsəd odur ki, heç bir media qurumu özünü məhkəmə və ya cəza verən orqan yerində görməsin. Bir süjetlə sahibkarın qapısını bağlamaq asan ola bilər. Bəs onun ailəsinin dolanışığını və işçilərinin taleyini kim düşünəcək?”





























