23 oktyabr 2026-cı il tarixində XII Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günündə F.Köçərli adına Respublika Uşaq Kitabxanası uşaqlar üçün maraqlı görüşlər, kitab təqdimatları və interaktiv tədbirlər təşkil edib.
Avropa.info xəbər verir ki, Stenddə Azərbaycan uşaq yazıçısı Fatimə Alxaz, türk uşaq yazarları Cansu Başak Yalçınkaya, Melihat Küçükaşçı, Selin Özan eləcə də illusturaturlar Özge Yetik və Seda Akdağ uşaqlarla görüşüblər. Keçirilən görüşlərdə Bakı Türk Anadolu Liseyinin, 305, 55, 17, 3, 237, 63, 211 və 84 nömrəli məktəblərinin şagirdləri, həmçinin “Pony school” uşaq bağçasının balaca fidanları iştirak ediblər.
Türk uşaq yazarı Cansu Başak Yalçınkaya “Alaycı memo”, Selin Özan isə “Kuribik kurbağa ve kurabiye partisi” kitablarını musiqili nağıl formatında uşaqlara təqdim ediblər. Bədii mətnin musiqi və ifa ilə müşayiət olunduğu təqdimatlar balaca oxucuların diqqətini cəlb edib, tədbirə rəngarənglik qatıb. Uşaqlar nağıl qəhrəmanları və hadisələrin gedişi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Azərbaycan uşaq yazarı Fatimə Alxaz da uşaqlarla görüş zamanı müəllifi olduğu kitablar haqqında ətraflı məlumat verib. Yazıçı əsərlərinin məzmunu və yaradıcılığı barədə danışıb, daha sonra uşaqların suallarını cavablandırıb.
Görüşlər zamanı uşaqların fəallığını artırmaq və tədbirləri daha interaktiv etmək məqsədilə hədiyyəli viktorinalar da keçirilib. Şagirdlər sualları cavablandıraraq biliklərini sınayıb, tədbirdə fəal iştirak ediblər.
Təşkil olunan görüşlər uşaqların kitaba və mütaliəyə marağının təşviqi, müasir uşaq ədəbiyyatının təbliği, eləcə də Azərbaycan və türk uşaq ədəbiyyatı nümayəndələri ilə oxucular arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.





























