24 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib.
Bu barədə Avropa.info-ya Kitabxanadan məlumat verilib.
“Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarının, kitabxanaların rəqəmsal transformasiyasının, elektron resursların uşaq və yeniyetmələrin mütaliə vərdişlərinə təsirinin, eləcə də süni intellektin uşaq ədəbiyyatı və kitabxana xidmətlərində yaratdığı imkanların müzakirəsinə həsr olunub.
Konfransın açılışında Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək süni intellektin inkişafı şəraitində insan düşüncəsinin, yaradıcılığının, mənəvi dəyərlərin və canlı ünsiyyətin qorunmasının vacibliyini vurğulayıb, müasir kitabxanaların rəqəmsal transformasiyaya uyğunlaşmasının, uşaqların etibarlı informasiya resurslarına çıxışının təmin edilməsinin və cəmiyyətdə mütaliə mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.
Konfrans müxtəlif elmi məruzələrlə davam edib. Tədbirdə Bakı Dövlət Universitetindən pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, t.ü.f.d,dosent Solmaz Sadıqova, müəllim Namiya Xəlilova, Azərbaycan Dillər Universitetindən f.ü.f.d, dosent Pakizə Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d, dosentlər İlhamə Ağazadə, Gülnar Qəmbərova və Səadət Bayramova, Bakı şəhəri 12 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin loqopedi Günel Həsənova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan t.ü.f.d Şəfəq İslamova, həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Günel Hüseynova çıxış ediblər.
Məruzələrdə uşaq ədəbiyyatının müasir cəmiyyətdə rolu, mütaliənin uşaqların intellektual və mənəvi inkişafına təsiri, rəqəmsal mühitin oxu vərdişlərində yaratdığı dəyişikliklər, kitabxanaların innovativ fəaliyyət istiqamətləri və süni intellekt texnologiyalarının ədəbiyyat, təhsil və informasiya xidmətlərində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, rəqəmsal texnologiyalardan məqsədyönlü istifadənin, uşaqların informasiya savadlılığının artırılmasının, onların yaş xüsusiyyətlərinə uyğun və etibarlı rəqəmsal məzmunla təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Konfransın gedişində alimlər, gənc tədqiqatçılar və sahə mütəxəssisləri mövzu ilə bağlı elmi yanaşmalarını bölüşüb, uşaq ədəbiyyatının təbliği, müasir dövrdə mütaliəyə marağın artırılması, ənənəvi kitab mədəniyyətinin rəqəmsal imkanlarla uzlaşdırılması və süni intellektdən məsuliyyətli istifadə məsələləri ətrafında müzakirələr aparıblar.































