Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Bu fəaliyyət 1918-1920-ci illəri əhatə edən dövrdə böyük vətənpərvərliklə həyata keçirilmişdir. Cümhuriyyətin süqutundan sonra isə Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində bu qurumlar inkişaf edərək ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanmışdır. Xüsusilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşmüşdür.

Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daim diqqət mərkəzində saxlanılmışdır. Dahi şəxsiyyət hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə bu orqanların təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalamışdır. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunmuşdur. Bu qərar müstəqillik dövründə daxili işlər orqanlarının ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədəki rolunu da daha da möhkəmləndirmişdir.
Şəxsi heyətin milli ruhda formalaşması 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə qarşı ilk rəşadətli müqaviməti milis qüvvələrinin göstərməsi ilə özünü büruzə verdi; sonrakı dövrlərdə isə bu missiyanı Daxili Qoşun hissələri davam etdirdi. Birinci Qarabağ müharibəsində polis əməkdaşları və hərbi qulluqçular daim ön cəbhədə vuruşmuş, döyüşlərdə 1700-ə yaxın şəxsi heyət şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər isə yaralanmışdır. Göstərilən şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər isə orden və medallara layiq görülmüşdür.
Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurla davam etmişdir. Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi kimi vacib vəzifələri yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olmuş, 2640 nəfər isə xəsarət almışdır. Bu rəqəmlər də orqanların qarşılaşdığı çətinlikləri və onların xalqın təhlükəsizliyi yolunda hansı fədakarlıqla çalışdığını açıq şəkildə göstərir.
Bu gün Azərbaycan polisi cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilib. İstər gecə, istər gündüz, istər böyük şəhərlərin səs-küylü küçələrində, istərsə də ucqar dağ kəndlərinin sakit yollarında polis əməkdaşları hər an vətəndaşların təhlükəsizliyini təmin etmək üçün növbətçidirlər. Onlar təkcə cinayətkarlıqla mübarizə aparmır, həm də insanların gündəlik həyatında qarşılaşdıqları min bir çətinliyə qarşı ilk yardım əlini uzadırlar. Baş verən güclü təbiət hadisələri – sel suları, zəlzələlər, güclü qar yağışları və ya qasırğalar zamanı polis əməkdaşları ilk saniyələrdən hadisə yerinə yetişərək insanların təhlükəsiz ərazilərə köçürülməsini təmin edir, itkin düşənlərin axtarışına başlayır, yolların açılması və zəruri yardımın çatdırılması üçün bütün güclərini səfərbər edirlər. Həmçinin, sadə vətəndaşların itkin düşən ailə üzvlərinin tapılmasından tutmuş, itən ev heyvanlarının sahiblərinə qaytarılmasına, avtomobil qəzalarında yaralananların xilas edilməsindən, yaşlı və tənha insanlara göstərilən gündəlik köməyə, hətta uşaqların evdən çıxıb yolunu azması hallarına qədər ən xırda görünən məsələlərdə belə polis əməkdaşları peşəkarlıqla, həssaslıqla və insanpərvərliklə müdaxilə edirlər. Onların xidməti sadəcə peşə borcu deyil, həm də ürəkdən gələn xalqa xidmət çağırışıdır. Çətin anlarda insanların ilk ağlına gələn “polis çağıraq” ifadəsi bu quruma olan etimadın ən parlaq sübutudur. Beləliklə, müasir polis həm fədakar qəhrəman, həm sadiq dost, həm də çətin günlərdə arxalanacaq ən etibarlı dayaq rolunu oynayır.
Bu əlamətdar gün – 2 İyul Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edirik! Onların xalqımıza göstərdikləri fədakar xidmət, nümayiş etdirdikləri peşəkarlıq və qəhrəmanlıq hər zaman yüksək qiymətləndirilir. Hər bir polis əməkdaşına cansağlığı, ailə səadəti, işlərində uğurlar və möhkəm səbr arzulayırıq. Allah Azərbaycan polisini qorusun və onları daima sağlam və vəzifələrinin icrasında güclü eləsin.
Azərbaycan Polisi hər zaman qüdrətli olsun!
Mahirə Əmirhüseynova,
“XXI Əsrin Qadınları” İctimai Birliyin sədri





























