“Ölkədə uşaqların müdafiəsi və onlara göstərilən diqqətin qeyri-kafi olması fonunda gələcək nəslin sağlam və güvənli böyüməsini təmin etmək üçün uşaqpulunun bərpası artıq təxirəsalınmaz bir sosial zərurətdir”.
Bunu Avropa.info-ya Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Rafiq Daşdəmirli deyib.
MCP rəsmisi qeyd edib ki, uşaqlar millətin və dövlətin sabahını müəyyən edən ən mühüm amildir, lakin hazırda onlara göstərilən qayğı və sevgi yetərli səviyyədə deyil. Onun sözlərinə görə, mövcud ağır iqtisadi şəraitdə uşaqların hüquqlarının real müdafiəsindən danışmaq çətindir:
“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin və dövlətimizin sabahı birbaşa bundan asılı olacaqdır. Ölkəmizdə uşaqların müdafiəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətindəki işlər heç də yetərli deyildir. Belə bir ağır və çətin yaşam ərəfəsində uşaqlara qayğıdan tam mənası ilə danışmaq düzgün olmazdı”.

Partiya funksioneri vurğulayıb ki, yoxsul ailələrin çəkdiyi maddi sıxıntıları aradan qaldırmaq üçün hökumət uşaqpulu məsələsində ləngiməməlidir. MCP rəsmisi problemin həlli üçün dövlət büdcəsinin imkanlarına uyğun mərhələli çıxış yolu da təklif edib:
“Ölkədə uşaqların daha sağlam və güvənli böyüməsi üçün birbaşa uşaqpulunun bərpa olunması lazımdır. Əgər dövlətin imkanları dərhal hamını əhatə etməyə yetərli deyilsə, ilkin olaraq müəyyən yaş qrupuna aid uşaqlara bu ödənişin verilməsi məqsədəuyğun olardı. Yoxsul ailələrin hansı sıxıntılar içində yaşadığını bildiyimizə görə, bu addım onların sosial vəziyyətini xeyli yaxşılaşdıra bilərdi. Amma çox təəssüf ki, yenə də bu ağır gündə uşaqpulunun verilməsi yubadılır”.





























