Mayın 31-də YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, layihə rəhbəri Aygün Əzizovanın olduğu “Vətənpərvərlik Etüdləri” layihəsi çərçivəsində “Qarabağ Mənzərələri” adlı etüd-sərgi Xankəndi şəhərində baş tutub.
Avropa.info xəbər verir ki, tədbir iştirakçılarını ilk olaraq Ağdam Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov qarşılayaraq onlara uğurlar arzulayıb.
FA ART Studionun rəhbəri Fatma Əliyevanın tələbələrinin müxtəlif əl işlərindən ibarət satış sərgisi Xankəndidə yerləşən Böyük Turan restoranında təşkil olunub. Sərgidə fəxri qonaq qismində rəssam-müəllim Vüsalə Bəkirova, Diana İsmayılova, Rəhimə Əsədullayeva və Aygün Kamilqızı iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova vətənpərvərlik etüdlərinin rəssamlar üçün əhəmiyyətindən danışıb. O bildirib ki, layihə gənc nəslin vətənpərvərlik ruhunda və azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunmasına xidmət edir. Elnurə İsgəndərova, həmçinin uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.
Çıxış zamanı qeyd olunub ki, FA ART Studionun rəhbəri Fatma Əliyevanın tələbələrinin əl işlərindən ibarət satış sərgisinin Xankəndi şəhərində təşkil olunması yeniyetmə və gənclərin şəhərdən kəndə marağının artırılmasına, onların pis vərdişlərdən uzaqlaşaraq asudə vaxtlarını yaradıcılığa həsr etmələrinə, eləcə də erkən yaşlarından dünyagörüşlərinin inkişaf etdirilməsinə xidmət edib.
FA ART Studionun rəhbəri Fatma Əliyeva çıxışında bildirib ki, satış sərgisinə tələbələri ilə birlikdə beş ay ərzində hazırlaşıb. O, sərginin gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və onların sənətə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
FA ART Studio tərəfindən uşaqlara 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hədiyyələr təqdim olunub. Tədbir iştirakçıları milli musiqinin müşayiəti ilə rəqs ediblər, Xankəndi mətbəxinin müxtəlif təamlarından daddılar və xoş təəssüratlarla tədbiri davam etdiriblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olundu, xatirə fotoları çəkdirilib.
Etüd iştirakçıları Xankəndi şəhərinə təşkil olunan gəzinti zamanı Qarabağ Universitetini, Xankəndi Zəfər Parkını və digər görməli məkanları ziyarət ediblər.
Aygün Oqtay,
Fotoların müəllifi: Camal


































