“Ukraynadakı müharibə Kremlin qlobal güc imicini qorumaq xarakteri daşısa da, Ermənistandakı seçkilər Rusiya imperiyasının mövcud ideoloji bazasını məhv edə biləcək daha kritik bir prosesdir”.
Bunu Avropa.info-ya Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert qeyd edib ki, hazırda Rusiya üçün İrəvanın Qərbə inteqrasiyasını dayandırmaq və baş nazir Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq birinci strateji hədəfdir. Onun sözlərinə görə, Paşinyanın qısamüddətli perspektivdə qələbəsi Azərbaycanın maraqlarına uyğun olsa da, gələcəkdə bu praqmatik lider Bakı və Ankara üçün başağrısına çevrilə bilər:
“Ermənistanda Rusiyanın uduzması postsovet məkanında bütün mövqeyini itirməsi və imperiya formasında mövcudluğunun təhlükə altına düşməsi deməkdir. Vladimir Putinin son iqtisadi təhdidləri hələlik hərbi müdaxiləsiz prosesi dayandırmaq məqsədi güdür. 29 mayda Astanada keçirilən Aİİ iclasında Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstan prezidentləri Ermənistanı Aİ və ya Aİİ seçimi ilə bağlı təcili referenduma çağırıblar. İrəvan isə Aİİ-dən dərhal çıxmaq niyyətinin olmadığını bəyan edib. Moskva keçmiş hərbi müdaxilə səhvlərini təkrarlamaq istəməsə də, Ermənistan üçün hərbi variant hələ də masadadır”.

MCP rəsmisi vurğulayıb ki, son günlər Rusiyaya məxsus PUA-ların Rumıniya ərazisinə daxil olması təkcə Qərbə güclərin nümayişi deyil, həm də Ermənistandakı seçkilərlə birbaşa bağlıdır. Ekspertin fikrincə, Moskva Ermənistandakı mümkün informasiya və kiber müdaxilələrindən diqqəti yayındırmaq üçün NATO daxilində süni gərginlik yaradır:
“Məsələnin ciddiliyi həm də Almaniyanın NATO daxilində yeni hərbi mərkəzə və Rusiya qarşısında dayana biləcək əsas gücə çevrilməsi fonunda müşahidə olunur. Almaniyada türk mənşəli əhalinin demoqrafik çəkisinin artması gələcəkdə Berlinin iqtisadi və hərbi potensialını daha da gücləndirəcək. Yəni, Avropa tədricən ABŞ-sız Rusiya ilə üz-üzə qalır. Odur ki, Ermənistandakı parlament seçkiləri paralellər kontekstində həm də Rusiyanın perspektivdəki taleyini və imperiya modelinin gələcəyini müəyyən edir”.





























