Bu gün Zərdab şəhər Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseydə yeni tədris ilinin başlanması münasibətilə 15 Sentyabr – Bilik Günü böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olundu.
Avropa.info xəbər verir ki, əlamətdar günümüzdə məktəbimizin qonaqları arasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Siyasəti şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, həmçinin şəhid məzunumuz Anar Məmmədzadənin atası Nazim Məmmədov iştirak etdilər.
Qonaqlarımızın məktəbimizə gəlişi, müəllim və şagird kollektivimizlə görüşü, yeni tədris ili münasibətilə söylədikləri xoş arzular tədbirimizə xüsusi məna və rəng qatdı.
Xüsusilə şəhid məzunumuz Anar Məmmədzadənin əziz atası Nazim Məmmədovun bu əlamətdar gündə bizimlə bir arada olması qürurverici və duyğulu anlarla yadda qaldı. Şəhid məzunlarımızın müqəddəs xatirəsini yaşatmaq, onların keçdiyi şərəfli yolu gələcək nəsillərə tanıtmaq bizim üçün mənəvi borcdur.
Bilik Günü yeni başlanğıcların, böyük arzuların və gələcək uğurların ilk addımıdır. Məktəbimizdə yeni tədris ilinə qədəm qoyan hər bir şagirdə bilik yolunda inamlı addımlar, müəllimlərimizə isə bu yolda sonsuz səbir, ilham və uğurlar arzulayırıq.
İnanırıq ki, 2026–2027-ci tədris ili məktəbimiz üçün yeni nailiyyətlərin, uğurlu layihələrin, yüksək nəticələrin və gözəl xatirələrin ili olacaq.
Bu əlamətdar gündə bizimlə birlikdə olan dəyərli qonaqlarımıza təşəkkür edir, yeni tədris ilinin bütün təhsil ictimaiyyəti üçün uğurlu olmasını arzulayırıq!































