“ABŞ-nin Rusiya-Ukrayna müharibəsindəki vasitəçilik cəhdləri, əslində, Rusiyanın tam məğlubiyyətinin qarşısını almaq və onun böyük dövlət statusunu qoruyub saxlamaq məqsədinə xidmət edir. Donald Tramp administrasiyası Vaşinqtonun dərin siyasi maraqlarını icra edərək Ukraynanın Rusiya üzərində tam üstünlük qazanmasını qəbul etmir”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Vaşinqton Siyasi Təzyiq Göstərmək Niyyətindədir…”
MCP rəsmisi Ağ Evin Ukraynanın daxili siyasətinə müdaxilə cəhdlərini və Zelenskiyə qarşı formalaşdırılan inzibati rıçaqları diqqətə çatdırıb:
“Bu gün Ukraynada keçmiş müdafiə naziri Mixailo Fedorovun yenidən vəzifəyə qaytarılması tələbi ətrafında baş verən siyasi proseslərin və etirazların arxasında ABŞ-ın dayandığı hiss olunur. Məqsəd Zelenskinin mütləq hakimiyyətini zəiflətmək və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün siyasi zəmin hazırlamaqdır. Zelenski isə Tramp hakimiyyətdə olduğu müddətdə manevrlər edərək danışıqlar prosesini uzatmağa çalışacaq. Rusiyanın ABŞ-dan vasitəçilik xahiş etməsi və Marko Rubio ilə Sergey Lavrovun Manilada keçirdiyi görüşlər göstərir ki, Vaşinqton Ukraynanın cəbhədəki hərbi uğurlarının qarşısını almaq niyyətindədir”.
“Aİ Sanksiyaları Artırır…”
Ekspert Vaşinqtonun Kiyevə təsir imkanlarının kəskin azaldığını və geosiyasi tarazlığın dəyişdiyini vurğulayıb:
“Trampın Zelenskiyə əvvəlki kimi təsir etmək imkanları artıq məhduddur. Çünki Ukraynaya hərbi və maliyyə dəstəyinin əsas yükünü Avropa İttifaqı daşıyır. Aİ artıq Rusiyaya qarşı 21-ci sanksiya paketini təsdiqləyib. Ən əsası, Ukrayna öz müasir hərbi sənayesini inkişaf etdirərək müstəqil gücə çevrilib. Digər tərəfdən, ABŞ-ın İranla qarşıdurması Vaşinqtonun resurslarını tükəndirib. Bütün bunların fonunda Tramp administrasiyasının Rusiyanı xilas etməyə və böyük dövlət statusunda saxlamağa hesablanmış siyasətinin real naticə verməsi mümkün görünmür”.






























