“Son dövrlər Azərbaycanın möhtəşəm qədim tarixinə, Səfəvilər irsinə, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Nizami Gəncəvi kimi dahi mütəfəkkirlərimizə qarşı istər xaricdən, istərsə də daxildən mənfi və aşağılayıcı basqı cəhdlərinin şahidi oluruq. Güntay Tölge kimi müəlliflərin Nəsimi və Nəiminin fəlsəfəsini zərərli kimi qələmə verməyə çalışması, əslində, onların kamillik anlayışını dərk etməməsindən və mənəvi natamamlığından qaynaqlanır”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Azərbaycanın klassik ədəbi-fəlsəfi irsinə, Səfəvilər imperiyasının tarixinə qarşı aparılan ideoloji hücumları və 2020-ci il Vətən müharibəsindən sonra sürətlənən milli özünüdərk prosesinə mane olmaq cəhdlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.
“Kamillik Başqasına Zərər Verməmək İradəsidir”
MCP rəsmisi milli mütəfəkkirlərə şər atanların daxili mənəvi boşluqlarını və kamillik anlayışından uzaq olduqlarını diqqətə çatdırıb:
“Bu gün Avropa və Yaponiya kimi inkişaf etmiş dövlətlər Nəsimi kimi dahi mütəfəkkir yetişdirən xalqımıza böyük ehtiramla yanaşır, bu irsi bəşəriyyətin mənəvi sərvəti sayır. Halbuki özünü fəlsəfi düşüncə sahibi kimi təqdim edənlərin yazılarındakı natamamlıq onların kamillik mərhələsini anlamadıqlarını göstərir. Kamillik iddia və zahiri görüntü deyil, başqasına zərər verməmək, öz maraqlarından keçərək daxili psixoloji təkmilləşmə yolu keçməkdir. Sovet dövrü filmlərinin ideoloji təsirini bəhanə edib klassiklərimizi qaralamaq isə kökündən yanlışdır”.

“Hədəf Zəfərdən Sonra Yaranan Milli Dirçəlişi Sıradan Çıxarmaqdır”
Ekspert tarixi irsimizə qarşı yönələn bu manipulyasiyaların əsl geostrateji məqsədini və xalqımıza qarşı qurulan ssenariləri vurğulayıb:
“Bu basqıların əsas məqsədi Azərbaycan xalqının milli dirçəlişinin, tarixi özünüdərkinin və özünü yenidən tanımaq prosesinin qarşısını almaqdır. Böyük xalqlar böyük mütəfəkkirlər və Səfəvilər kimi qüdrətli imperiyalar yaradırlar. Xüsusilə 2020-ci il Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra xalqın öz tarixinə, kimliyinə inamsızlıq yaratmaq, onu özünü kiçik görməyə vadar etmək istəyirlər. Milli və xalq düşmənləri iş başındadır, bu ideoloji təxribatlara qarşı hər birimiz ehtiyatlı və diqqətli olmalıyıq”.






























