15 sentyabr – Bilik Gününün ilk saatlarından etibarən Bakıda müşahidə olunan intensiv tıxac bir daha göstərdi ki, problem artıq adi nəqliyyat sıxlığı deyil. Bu, şəhərin nəqliyyat və demoqrafik yükünün kritik həddə çatması, qısası, kollaps vəziyyətidir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.
“Qarabağda “Student City” Və “Sport City…”
Başqan müavini Bakıdakı nəqliyyat böhranının həlli üçün strateji təkliflərini belə şərh edib:
“Problemin həlli yalnız yeni yolların və nəqliyyat xətlərinin salınması ilə məhdudlaşmamalı, Bakıdakı əhali və funksional yükün regionlar üzrə yenidən bölüşdürülməsi ilə paralel aparılmalıdır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması və yeni iqtisadi mərkəzlərin yaradılması çərçivəsində iki xüsusi şəhərin – ‘Student City’ və ‘Sport City’nin salınmasını təklif edirəm”.
“Universitetlər Qarabağa Köçürülsün”
Ekspert tətbiq olunacaq tənzimləmələrin təfərrüatlarına toxunaraq bildirib:
“’Student City’ Qarabağda müasir universitet şəhəri kimi formalaşdırıla bilər. Bakı Dövlət Universiteti istisna olmaqla, digər ali təhsil müəssisələrinin mərhələli şəkildə bu şəhərdə yerləşdirilməsi, tələbə yataqxanalarının, müəllim yaşayış komplekslərinin və xidmət infrastrukturunun yaradılması həm Bakıdakı yükü azaldar, həm də azad edilmiş ərazilərin məskunlaşdırılmasına ciddi töhfə verər”.
“Beynəlxalq Yarışlar Regionlara Yönəldilməlidir”
Hüquqşünas ikinci layihənin imkanlarını qeyd edib:
“’Sport City’ isə Azərbaycanın əsas idman mərkəzinə çevrilə bilər. Burada ‘Formula-1’ başda olmaqla müxtəlif idman növləri üzrə arenalar, təlim bazaları, hotellər yaradılmaqla beynəlxalq, regional və yerli yarışların keçirilməsi təmin edilə bilər. Bu, həm yeni iqtisadi fəaliyyət və məşğulluq imkanları yaradacaq, həm də Bakıdakı iri tədbirlərlə bağlı nəqliyyat yükünün bir hissəsini regionlara yönəldəcək”.
“Dövlət Qurumları Regionlara Köçürülməlidir”
Ekspert dövlət aparatının mərkəzsizləşdirilməsi və şəhərsalma modelinin yenilənməsinin vacibliyini vurğulayıb:
“Paralel olaraq ayrı-ayrı dövlət qurumlarının regionlara, xüsusən də Kənd Təsərrüfatı Nazirliyinin Gəncəyə, Energetika Nazirliyinin Mingəçevirə və digər regional mərkəzlərə köçürülməsi mühüm hissə ola bilər. Ən əsası isə regionlardan Bakıya axının qarşısını almaq üçün yerli bölmələrin təşkili, iş yerlərinin açılması və infrastrukturun qurulması vacibdir. Azərbaycanın qarşısında şəhərsalma və məskunlaşma modelini yenidən formalaşdırmaq vəzifəsi dayanır”.






























