“ABŞ və İsrail İran məsələsində artıq dalana dirənib. İsrailin emosional qərarları və Qərbin daxili ziddiyyətləri Rusiya, Çin və İran oxunun xeyrinə balansı dəyişir. Netanyahudan sülh gözləmək sadəlövhlükdür – onun Trampla görüşdə əsas məqsədi İrana qarşı hərbi əməliyyatları tezləşdirmək və Türkiyə-ABŞ yaxınlaşmasının qarşısını almaqdır”.
Avropa.info xəbər verir ki, Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.
“ABŞ Və İsrail Dalana Dirənib…”
Politoloq Qərb koalisiyasının regional gedişlərinin əks-effekt verdiyini vurğulayıb:
“İran məsələsində Vaşinqton və Təl-Əviv sanki arının yuvasına çubuq salıblar, amma istədikləri nəticəni ala bilmirlər. İsrail və ABŞ arasında, eləcə də ABŞ-nin öz daxili siyasi dairələrində İrana müdaxilə ilə bağlı ciddi fikir ayrılıqları var. Məqsəd Qəzzada yaşananları unutdurmaq olsa da, İsrail və ABŞ İranda bataqlığa batmış kimi görünürlər. Atılan addımlar əks-effekt verərək İran hakimiyyətini daha da möhkəmləndirdi. Eyni zamanda, İranın proksi qüvvələrinin cavab hücumları hər iki tərəf üçün ciddi narahatlıq mənbəyidir”.
“Netanyahunun Məqsədi Sülh Deyil…”
MCP rəsmisi qlobal balansın dəyişdiyini və Netanyahunun Trampla görüşdəki əsas planlarını diqqətə çatdırıb:
“Rusiya və Çinin İrana yüksək səviyyəli dəstəyi Qərbi həm Ukrayna, həm də İran cəbhəsində sıxışdırır. ABŞ, İsrail və Avropa arasındakı maraq toqquşmaları Moskva və Tehranın xeyrinə işləyir. Digər tərəfdən, İsrailin əsas hədəflərindən biri olan Türkiyə ilə ABŞ arasındakı isti münasibətlər Təl-Əvivi ciddi narahat edir. Netanyahu Trampla görüşdə bu yaxınlaşmaya mane olmağa və İrana qarşı hərbi əməliyyatları tezləşdirməyə cəhd edəcək. Çünki ondan sülh gözləmək sadəlövhlük olardı”.






























