ABŞ Prezidenti Donald Trampın iyulun əvvəlində Ankaradan uçuşu öncəsi təyyarəsinin dəyişdirilməsi qərarının İranla əlaqəli “proksi qüvvələrdən” gələn mümkün təhdidlərlə bağlı olduğu iddia edilir.
Avrop.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ administrasiyasının rəsmiləri əldə olunan məlumatları inandırıcı hesab edib və ABŞ Məxfi Xidməti Trampa Qətər tərəfindən hədiyyə edilən yeni təyyarə əvəzinə köhnə “Air Force One” təyyarəsindən istifadə etməyi tövsiyə edib.
Bununla belə, “The New York Times” qeyd edir ki, ABŞ hakimiyyətinin əldə etdiyi məlumatlarda “proksi qüvvələrin” məhz konkret bir hava gəmisini hədəf seçdiyinə dair məlumat olmayıb.
Tramp NATO sammitinin Ankaradakı yekunları ilə bağlı mətbuat konfransında Türkiyədən qayıdarkən yeni prezident təyyarəsindən istifadə etməyəcəyini bildirib. O, həmin təyyarəni Avropada nümayiş etdirmək istədiyini qeyd edib.
Xatırladaq ki, Tramp yeni prezident təyyarəsini iyunun ortalarında təqdim edib. Qətər kral ailəsinin 2025-ci ildə ona hədiyyə etdiyi bu təyyarə 30 ildən çox istifadə olunan Boeing 747-2 laynerini əvəz edib.
“The Washington Post” qəzetinin qiymətləndirməsinə görə, dəyəri təxminən 400 milyon dollar olan təyyarənin ABŞ prezidentinin istifadəsi üçün bütün tələblərə uyğun yenidən təchiz edilməsi təxminən 1,5 milyard dollara başa gələ bilər.






























