Hacıqabulda yaşlı kişinin qadın turistə qarşı qeyri-etik hərəkətlər etdiyinə dair görüntülər hələ də müzakirə edilir.
Avropa.info xəbər verir ki, Globalinfo.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev, Hacıqabuldakı hadisənin və ümumilikdə turistlərə qarşı bəzi xoşagəlməz davranışların artıq tək-tək fakt olmadığını deyib:

“Bu, ciddi problemdir. Turizm etimada əsaslanır və bir neçə neqativ hal xaricdə sürətlə mənfi rəy yaradır. Bu gün bəzi ölkələrdə “Azərbaycanda turistləri aldadırlar” fikrinin yayılması da məhz belə halların nəticəsidir. Xüsusilə taksi sürücülərinin qiyməti şişirtməsi, restoranlarda xaricilərə fərqli və daha baha menyuların təqdim olunması bu imici zəiflədir”.
MCP başqanı bildirib ki, bu problemi həll etmək üçün qaydalar sərtləşdirilməlidir:
“Eyni zamanda, Turizm Agentliyinə real səlahiyyətlər verilməli və nəzarət gücləndirilməlidir. Qiymətlər açıq və hamı üçün bərabər olmalıdır. Turistlərin şikayət edə biləcəyi sadə və sürətli mexanizm qurulmalıdır. Ən vacibi isə məsələyə yanaşma tərzidir. Yəni turistə qazanc mənbəyi kimi yox, ölkənin qonağı olaraq baxılmalıdır. Onun buradan apardığı təəssürat Azərbaycanın dünyadakı imicini və növbəti turist sayını müəyyən edir”.





























