Somalililər ölkələrinə verdikləri dəstəyə görə Türkiyəyə təşəkkür etmək üçün ölkənin müxtəlif yerlərində nümayişlər keçirib.
Avropa.info xəbər verir ki, Cənub-qərb əyalətinin Baydhabo, Berdale, Afgoye, Wanna Wanlaweyn və Jazeera bölgələrində stadionları və küçələri dolduran somalililər, ölkələrinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür ediblər.
Cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi dəstək nümayişlərində somalililər Türkiyə və Somali bayraqlarını dalğalandırıb və böyük bir türk bayrağı açıblar.
Dəstək nümayişləri zamanı prezident Rəcəb Tayyib Ərdoğan və Somali prezidenti Həsən Şeyx Mahmudun yan-yana posterləri açılıb.
“Türkiyə Somalinin böyük qardaşıdır”
Nümayişçilər iki ölkə arasındakı münasibətlərə dəstək mesajı da veriblər.
Nümayişçilərin daşıdıqları pankartlarda “Türkiyə Somalinin böyük qardaşıdır və hər zaman çətin anlarda Somalinin yanında olub” və “Qədim qardaşlıq Somali ilə Türkiyəni bir-birinə bağlayır” ifadələri yer alıb.
Türkiyənin Somaliyə verdiyi dəstək səbəbiylə nümayişlər sabah da davam edəcək.





























