Ukrayna öz sərhədlərindən 1700 km aralıda yerləşən Rusiyanın Penza bölgəsində daha bir Wildberries anbarına zərbə endirib.
Avropa.info xəbər verir ki, məlumatı Vilayət qubernatoru Oleq Melniçenko açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna dronlarının hücumu nəticəsində yanğın başlayıb, bir nəfər ölüb, 200 nəfər evakuasiya olunub: “Düşmən dronları Wildberries anbarına terror hücumu həyata keçirib. İlkin məlumata görə, bir nəfər həlak olub və təxminən 200 işçi təxliyə edilib”.
O qeyd edib ki, hadisə yerinə təcili yardım maşınları, yanğınsöndürmə briqadaları, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib: “Anbar ərazisində açıq atəş müşahidə olunur və yanğınsöndürənlər alovla mübarizə aparırlar”.
Ukrayna mənbələri yanğından görüntülər paylaşaraq, onun 90 min kvadratmetr sahəni əhatə etdiyini bildirirlər.






























