Qubadlı şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsində zəfərə gedən yolun əsas dönüş nöqtələrindən biridir. Bu gün azad Qubadlıda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü və xalqımızın yenilməz ruhunu bir daha nümayiş etdirir.
Avropa.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Qubadlı Şəhəri Günü münasibətilə xalqımızı və Qubadlı sakinərini təbrik edərkən bildirib.
“Qubadlının azad olunması Zəfər tariximizin şanlı səhifəsidir”
Millət vəkili 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfəri və Müzəffər Ordumuzun qəhrəmanlığını vurğulayıb:
“Rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərini düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzün təmin olunmasında müstəsna rol oynadı. Şəhidlərimizin qanı və qazilərimizin rəşadəti hesabına qazanılan bu zəfər hər birimiz üçün sonsuz qürur mənbəyidir. Bu əlamətdar gündə bütün qubadlılıları, o cümlədən şanlı xalqımızı ürəkdən təbrik edir, azadlıq mücahidlərimizin xatirəsini ehtiramla yad edirəm”.
“Böyük Qayıdış proqramı ilə Qubadlı sürətlə yenidən qurulur”
MCP başqanı bölgədə aparılan quruculuq işlərini önə çəkərək təbrikini yekunlaşdırıb:
“Bu gün Qubadlıda müasir altyapı layihələri icra olunur, kəndlər, yollar və sosial obyektlər yenidən tikilir. Böyük Qayıdışın uğurla həyata keçirilməsi doğma yurduna qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışını təmin edir. Qubadlı Şəhəri Günü münasibətilə bir daha bütün sakinləri təbrik edir, azad Qarabağımızda daimi sülh və tərəqqi arzulayıram”.






























