“”TikTok”” istifadəçilərinin həbsi platformanın bağlanacağı anlamına gəlməməlidir – dövlətin hədəfi şəbəkənin özü yox, oradakı hüquq pozuntularıdır. Qadağa sosial və iqtisadi zərər vura bilər. Əsas məqsəd platformanı bağlamaq yox, rəqəmsal məkanda nəzarəti gücləndirmək və cəzasızlıq mühitinin qarşısını almaqdır”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a “TikTok” istifadəçilərinin inzibati həbsləri, sosial şəbəkələrin qadağan edilməsi ehtimalları və rəqəmsal məkanda hüquqi məsuliyyət məsələlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
“”TikTok”un Bağlanması Gündəmdə Yoxdur…”
MCP başqanı sosial şəbəkənin tam qadağan edilməsinin doğru yanaşma olmadığını vurğulayıb:
“Sosial şəbəkələrdə ictimai asayişi pozan, zorakılığı və təhqiri təşviq edən məzmuna qarşı hüquqi addımların atılması platformanın bağlanacağı narahatlığı yaratmamalıdır. Məsuliyyət ‘TikTok’ istifadə etdiyinə görə yox, qanunvericiliyin tələblərini pozduğuna görə yaranır. Platformanın tam bloklanması qanunsuzluq etməyən, buradan biznes, maarifləndirmə və gəlir üçün istifadə edən minlərlə insanın maraqlarına toxunar, ciddi sosial-iqtisadi nəticələr doğurar”.
“Azadlıq Qanundan Üstün Ola Bilməz…”
Millət vəkili dövlətin əsas prioritetinin nəzarəti və məsuliyyəti artırmaq olduğunu diqqətə çatdırıb:
“Dünya təcrübəsində olduğu kimi, daha real ssenari platformanı bağlamaq yox, nəzarəti və əməkdaşlığı gücləndirməkdir. Canlı yayımların izlənilməsi və qanunsuz məzmunun operativ silinməsi təmin olunmalıdır. İnternet azadlığı vacib dəyərdir, lakin bu azadlıq heç vaxt qanundan üstün ola bilməz. Rəqəmsal məkanda da real həyatda olduğu kimi hüquq və məsuliyyət arasında tarazlıq qorunmalıdır”.






























