“ABŞ və İsrail İrana qarşı sarsıdıcı hərbi əməliyyatlara başlamağa hazırlaşır. İsrailin Baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfəri zamanı Donald Trampı Tehrana qarşı daha sərt hərbi gedişlərə inandıra bilməsi proseslərin kritik fazaya keçdiyini gösterir. İsrail kəşfiyyatının səfərdən öncə “İranla bağlı ciddi məsələlər müzakirə edilməyəcək” xəbərini dövriyyəyə buraxması isə diqqəti yayındırmağa hesablanmış manevr idi”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Vaşinqton-Tel-Əviv xəttindəki son təmasları, Çin və İranın hərbi işbirliyini və Yaxın Şərqdə dərinləşən böhranı şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Pekin İranı ‘Döyüş Meydanı’na Çevirərərək…”
Ekspert Çinin regiondakı gizli hərbi dəstəyinə diqqət çəkib:
“Çin İrana radar sistemləri, daşına bilən zenit raketləri və digər havadan müdafiə vasitələri göndərir. Ötən gün İran Ali Dini Rəhbərinin müşaviri Yəhya Səfəvinin Pakistanda Çinin müdafiə naziri ilə keçirdiyi görüş təsadüfi deyil. Pekin İrana hərbi-lojistik dəstək verməklə ABŞ-ı regional strateji böhrana yuvarlamağı hədəfləyir. Bir növ İran ABŞ və Çin arasında böyük döyüş platsdarmına çevrilir”.
“Körfəz Ölkələri Hədəf Alınacaq…”
MCP rəsmisi İran rəhbərliyinin addımlarını risksiz hesab etmir:
“İran da geri çəkilmək niyyətində deyil və Körfəz ölkələrinin mühüm infrastrukturu Tehranın hərbi hədəfinə çevrilə bilər. Qətərin vasitəçiliyi ilə aparılan çoxgünlük danışıqların nəticəsiz qalması da bunu təsdiqləyir. Lakin İran Vaşinqtonla uzunmüddətli müharibəyə hazır deyil. Hərbi rəhbərliyin atdığı bu addımlar ciddi strateji yanlışlıqdır”.






























