“Rusiyanın Türkiyədən idxal edilən meyvə və kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi qadağalar əslində iqtisadi deyil, tamamilə siyasi xarakter daşıyır. Bu adım Ankaranın son NATO sammitində Qərb koalisiyasının yanında yer almasından, Ukrayna və Baltikyanı ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməsindən və Hakan Fidanın Kiyev səfərindəki Krım bəyanatlarından Rusiyanın duyduğu qıcıqlanmanın birbaşa nəticəsidir”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Rusiya tərəfindən Türkiyə məhsullarına qoyulan məhdudiyyətləri şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
“Moskva Təzyiq Siyasətini Sürdürür”
MCP rəsmisi Türkiyənin balanslaşdırılmış, lakin qətiyyətli xarici siyasətinin Kremlin təhdidləri qarşısında geri çəkilməyəcəyini diqqətə çatdırıb:
“Türkiyə rəsmi şəkildə yeni dünya nizamında ənənəvi müttəfiqlərinin yanında olduğunu bəyan etdi. Ankara Rusiya ilə strateji tərəfdaşlıq saxlasa da, eyni zamanda Ukraynanın yanındadır və onun hərbi sənayesinin inkişafında mühüm rol oynayır. Hakan Fidanın Kiyevdəki görüşləri və Krımla bağlı sərt bəyanatından dərhal sonra Moskvanın kənd təsərrüfatı məhsullarına embargo qoyması göstərir ki, Rusiya digər ölkələrlə münasibətdə hələ də ancaq təzyiq və təhdid yolu ilə nəyəsə nail olmağa çalışır”.
“Əziyyət Çəkən Rusiya Vətəndaşları Olacaq”
Politoloq tətbiq edilən sankiyaların Boma-ranq effekti verərək Rusiyanın özünə daha ağır zərbə vuracağını vurğulayıb:
“Moskvanın bu addımından ən çox əziyyət çəkən elə Rusiyanın özü və onun vətəndaşları olacaq. Türkiyə qadağan olunmuş məhsullarını digər alternatıv bazarlara yönəltməkdə heç bir çətinlik çəkməyəcək. Heç bir ölkə Kremlin bu cür təzyiq siyasətinə boyun əyməyəcək. Əksinə, bu cür rasional olmayan gedişlər hazırda onsuz da ağır durumda olan Rusiyanın daxili və xarici vəziyyətini daha da pisləşdirəcək”.






























