Fələstin torpaqlarını qəsb edən bir israillinin İsrail hərbi forması geyinərək işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə hücum etdiyi üzə çıxıb.
Avropa.info İsrail mətbuatında yer alan xəbərə görə, Fələstin torpaqlarını qəsb edən israillilərin 6 iyunda İordan çayının qərb sahilinin şimalındakı Nablus vilayətinin Huvara qəsəbəsinə basqını və fələstinlilərə hücumu ilə bağlı istintaq tamamlanıb.
İsrail polisinin apardığı araşdırmada İsrail hərbi formasını geyinərək fələstinlilərə hücum edən şəxsin hərbçi olmadığı üzə çıxıb.
Hərbi forma geyinən və əlində silah olan israillinin bölgədəki qeyri-qanuni məskunlaşmalarda “təhlükəsizlik mühafizəçiləri”ndən biri olduğu bildirilib.
Qeyd edilib ki, polis uzun müddətdir axtarışda olan israilli hücumçunu istintaq çərçivəsində saxlayıb.
Fələstin torpaqlarını qəsb edən israillilər iyunun 6-da Nablusun Huvara qəsəbəsinə basqın edərək fələstinlilərə hücum ediblər. Hücum zamanı İsrail hərbi forması geyinmiş silahlı şəxsin Fələstin torpaqlarını qəsb edən israillilərlə birlikdə qəsəbənin iki sakininə hücum etdiyi anlar təhlükəsizlik kamerasına düşüb. Videoda hərbi forma geyinmiş silahlı bir israillinin fələstinlini zorla yerə yıxdığı, yumruq və təpiklə vurduğu görünür.






























