İyulun 10-da ölkəmizin mədəni həyatında və gənclərin maariflənməsi istiqamətində növbəti yaddaqalan tədbir baş tutub.
Avropa.info xəbər verir ki, Gənc İstedadların Maariflənməsinə və İnkişafına Dəstək İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Tərəqqi İnkişaf Mərkəzi, Elnur Hacıyevin rəhbərliyi ilə bir qrup yaradıcı gəncin Beynəlxalq Qalereyaya səfərini təşkil edib.
Mədəniyyət ocağına qədəm qoyan gəncləri Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova salamlayıb gənc nəslin estetik dünyagörüşünün formalaşmasında bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, rəssamlığın müxtəlif və zəngin texnikalarından söz açıb. Elnurə İsgəndərova qeyd edib ki, gənclərin milli el sənətini göz bəbəyi kimi qoruyub saxlaması və onu gələcək nəsillərə ötürməsi bu günün ən uğurlu və müqəddəs missiyalarından biridir.
Tədbir çərçivəsində tanınmış keramika və vitraj rəssamı Aygün Kamilqızı da şagirdlərlə öz zəngin təcrübəsini bölüşüb. Sənətkar çıxışında incəsənətdə fərqli və maraqlı üsullarla işləməyin sirlərinə toxunaraq bildirib ki, hər bir orijinal əsərin arxasında məhz sənətkarın fərdi bacarığı, təxəyyülü və böyük əməyi dayanır.
Elnur Hacıyev bu səmimi qarşılama üçün Elnurə xanıma öz təşəkkürünü bildirib.
Gənclərin böyük marağına səbəb olan və onlara sənət dünyasının qapılarını açan bu unudulmaz görüşün sonunda xatirə fotoları çəkilib.
Aygün Oqtay





























