Beynəlxalq Futbol Federasiyası (FIFA) futbolun kommersiya fəaliyyətlərini idarə etmək üçün təxminən 20 milyard dollar dəyərində yeni şirkət yaratmağı planlaşdırır. Təşkilatın dünya çempionatı da daxil olmaqla, əsas turnirlərdən əldə olunan gəlirləri bu şirkət vasitəsilə idarə etməsi və səhmlərin bir hissəsini xarici investorlara satması nəzərdə tutulur.
Avropa.info xəbər verir ki, FIFA-nın “FIFA Forward Enterprise” adlandırmağı planlaşdırdığı yeni şirkət, əsasən, DÇ-nin kommersiya əməliyyatlarını idarə edəcək.
FIFA şirkət üzərində nəzarəti saxlayacaq, lakin səhmlərin 20 faizə qədər hissəsinin investorlara satılması ilə 4,2 milyard dollara qədər vəsaitin cəlb edilməsi hədəflənir.
FIFA-nın açıqlamasına görə, investisiya qrupuna “Thrive Capital” vençur kapitalı şirkətinin tərkibində fəaliyyət göstərən “Thrive Eternal” fondunun rəhbərlik etməsi gözlənilir.
Fondun təsisçisi Coşua Kuşner ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır. FIFA Cared Kuşnerin investorlar arasında yer almayacağını bildirib.
Maliyyə məsləhətçisi kimi “JPMorgan”, kommersiya məsləhətçisi kimi isə “Liberty Media”nın keçmiş baş direktoru Qreq Maffei prosesdə iştirak edir.
FIFA prezidenti Canni İnfantino yeni modeldən əldə ediləcək gəlirlərin dünya futbolunun inkişafına yönəldiləcəyini bildirib.
Onun sözlərinə görə, əlavə maliyyə üzv federasiyalara infrastruktur layihələri, məşqçi hazırlığı, milli komandalar, qadın futbolu və həvəskar futbolun inkişafı üçün ayrılacaq.
Plana əsasən, üzv federasiyalar infrastruktur və inkişaf layihələri üçün birdəfəlik 20 milyon dollara qədər maliyyə dəstəyi ala biləcəklər. Bu məbləğin 2035-2038-ci illərdə 24 milyon dollara qədər artırılması nəzərdə tutulur.
FIFA həmçinin vurğulayıb ki, investorlar yalnız azlıq səhmdarları olacaq. Futbolun idarə olunması, yarış təqvimi, turnirlər və idmanla bağlı qərarlar üzərində bütün səlahiyyətlər FIFA-da qalacaq.
FIFA-nın planı Avropa futbolunun idarəedici qurumu UEFA-nın sərt etirazına səbəb olub.
UEFA açıqlamasında FIFA-nın futbolun idarə olunmasında keçilməməli olan bir xətti keçdiyini bildirib: “Futbolun ruhu və idarə olunması alınıb-satılacaq aktivlər deyil. Futbol heç birimizin mülkiyyəti deyil və FIFA-nın sata biləcəyi bir şey də deyil”.
UEFA milli federasiyaları, liqaları, klubları, futbolçuları və azarkeşləri plana qarşı mövqe nümayiş etdirməyə çağırıb.
Plan Böyük Britaniyanın Baş naziri Endi Börnhemin də reaksiyasına səbəb olub. O, sosial media hesabında DÇ-nin kommersiya məhsuluna çevrilməməli olduğunu bildirib.
Notr-Dam Universitetinin idman iqtisadiyyatı üzrə eksperti Riçard Şihan isə planı FIFA rəhbərliyinin gəlirlərini artırmaq cəhdi kimi qiymətləndirib.
FIFA sözçüsü bildirib ki, təklif yaxın zamanda FIFA Şurasına və təşkilatın 211 üzv federasiyasına təqdim ediləcək.
Yeni şirkətin yaradılıb-yaradılmayacağı və planın həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarı məhz FİFA-nın üzv federasiyaları verəcək.






























