“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfərini Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ukraynaya səfəri kontekstində qiymətləndirmək daha doğru olardı. Ukraynanın hərbi təşəbbüsü ələ keçirməsi fonunda Ankara və Bakının Şuşa Bəyannaməsinə uyğun paralel diplomatik fəaliyyəti Rusiya-Ukrayna müharibəsinin siyasi həlli istiqamətindəki geosiyasi proseslərlə sıx bağlıdır”.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Moskvanın Müttəfiqlik Mesajları…”
MCP rəsmisi Bakı və Moskva arasında imzalanan diplomatik sənədlərə baxmayaraq, əvvəlki müttəfiqlik səviyyəsinə qayıtmaq üçün hələlik ciddi əsasların olmadığını diqqətə çatdırıb:
“Ceyhun Bayramovun Moskva səfəri zamanı 2026-2027-ci illər üçün məsləhətləşmələr planının imzalanması diplomatik münasibətlərin bərpası istiqamətində addım kimi görünə bilər. Lakin Rusiya tərəfinin verdiyi bəyanatlar daha çox münasibətlərin isti olduğu görüntüsünü yaratmağa hesablanıb və formal xarakter daşıyır. Mövcud reallıqda iki ölkə arasındakı münasibətlərin əvvəlki müttəfiqlik səviyyəsinə qayıtması üçün ciddi siyasi əsaslar hələ yoxdur. Ankara və Bakı Türkiyədə Vladimir Putin və Volodimir Zelenskinin mümkün görüşü və vasitəçilik missiyası çərçivəsində vahid strategiya ilə çıxış edir”.
“Münasibətlərin Normallaşması…”
Analitik Bakı-Moskva münasibətlərinin gələcək inkişafında Zəngəzur dəhlizinin kəsişmə nöqtəsi olduğunu vurğulayıb:
“Azərbaycanın və Türkiyənin Rusiya ilə münasibətləri hazırkı mərhələdə əsasən Zəngəzur dəhlizinin (TRIPP) açılışı və Rusiyanın bu layihəyə qoşulma cəhdlərinin nəticəsindən asılı olacaq. Moskva üçün bu layihə iqtisadi deyil, regionda böyük dövlət statusunu qorumaq üçün geosiyasi əhəmiyyət kəsb edir. Rusiyanın təhlükəsiz keçiddə rol alması gələcək təxribat ehtimallarını artıra və Ermənistan-Azərbaycan münasibətlərini yenidən gərginləşdirə bilər. Nümunə kimi, 1989-cu ilin iyulunda Azərbaycandan Ermənistana gedən qatarların silahlı basqına məruz qalmasını xatırlamaq kifayətdir. Rusiya-Azərbaycan münasibətlərinin real bərpası yalnız Rusiyanın müdaxilə imkanı olmadan Zəngəzur dəhlizinin açılmasından və geniş geosiyasi proseslərdən asılı olacaq. Çünki Rusiya üçün Ukrayna müharibəsi artıq taleyüklü ağırlıq kəsb edir






























