Azərbaycan turizminin qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyən edən mühüm sənədlərdən biri “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”dır. Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən proqramda rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması, regionlarda turizmin inkişafının təşviqi, idarəetmənin təkmilləşdirilməsi, eləcə də Azərbaycanın turizm imkanlarının daha effektiv tanıdılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Avropa.info–nun mövzu ilə bağlı müsahibi “Nizami Hospitality Group”un rəhbəri Ağa Əliyevdir. Həmin müsahibəni təqdim edirik:
– 15 ildən artıqdır ki, mehmanxana biznesində fəaliyyət göstərirsiniz. Azərbaycan turizminin hazırkı mərhələsini necə qiymətləndirirsiniz?
– 15 ildən artıqdır ki, mehmanxana biznesindəyəm və bu müddət ərzində Azərbaycanın turizm sektorunun inkişafını yaxından müşahidə etmişəm. Hesab edirəm ki, bu gün biz yeni mərhələnin astanasındayıq. Əsas məsələ artıq yalnız turist sayını artırmaq deyil, onların ölkədə daha uzun qalmasını, daha çox regiona səfər etməsini və turizmin yaratdığı iqtisadi dəyərin daha geniş yayılmasını təmin etməkdir.

Ağa Əliyev
2026-cı ilin yanvar–iyun aylarında ölkə üzrə hotellərdə 1 milyon 807,9 min gecələmə qeydə alınıb. Əcnəbilərin gecələmələri 1 milyon 69,8 min təşkil edib və onların 81,9 faizi Bakının payına düşüb. Bu rəqəmlər, məncə, həm mövcud vəziyyəti, həm də qarşıdakı inkişaf imkanlarını aydın şəkildə göstərir.
– 20 avqust 2026-cı il tarixli Prezident Sərəncamı ilə təsdiq edilmiş 2026–2030-cu illər üçün Dövlət Proqramının qarşıdakı dövr üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Dövlət Proqramında turizm məhsullarının rəqabətqabiliyyətinin artırılması, regionlarda turizmin inkişafı, idarəetmə və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, marketinq və ölkənin turizm brendinin gücləndirilməsi kimi mühüm istiqamətlər müəyyən edilib.
Mənim fikrimcə, əsas məsələ bu strateji hədəflərin real layihələr və investisiyalarla dəstəklənməsidir. Dövlət öz üzərinə düşən infrastruktur və tənzimləmə məsələlərini həyata keçirir, özəl sektor isə investisiya, yeni obyektlərin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi və məşğulluğun təmin edilməsi vasitəsilə bu prosesə töhfə verə bilər.
– Xarici turist axınının artırılması üçün hansı istiqamətlərə diqqət yetirilməlidir?
– Turizm bir neçə amilin birgə nəticəsidir. Birbaşa hava əlaqələri, uçuşların əlçatanlığı, viza və giriş prosedurlarının rahatlığı, beynəlxalq marketinq və rəqabətqabiliyyətli turizm məhsulları turistin ölkə seçimində mühüm rol oynayır.
Mən xüsusilə perspektivli bazarlar üzrə birbaşa uçuşların artırılmasını və giriş prosedurlarının daim təhlil edilərək, mümkün olduğu hallarda sadələşdirilməsini vacib hesab edirəm. Eyni zamanda, hər bazara fərdi yanaşmaq lazımdır: hansı ölkədə əsas maneə nəqliyyatdırsa, ona uyğun, hansı bazarda tanıtım və ya digər amil önəmlidirsə, həmin istiqamətdə həllər hazırlanmalıdır. Dövlət Proqramında hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılması ilə bağlı ayrıca tapşırığın nəzərdə tutulması da bu məsələnin əhəmiyyətini göstərir.
– Regionların turizm potensialını necə görürsünüz?
– Azərbaycanın turizm gələcəyində regionların xüsusi rolu var. Hazırda əcnəbi turistlərin hotel gecələmələrinin 81,9 faizinin Bakının payına düşməsi göstərir ki, regionlarda böyük inkişaf potensialı mövcuddur.
Məqsəd Bakının rolunu azaltmaq deyil. Əksinə, Bakını ölkənin digər bölgələrinə səyahətin başlanğıc nöqtəsinə çevirməkdir. Yeni region layihələri yalnız hotel demək deyil; bu, yerli məşğulluq, restoran və xidmət sektoru, kənd təsərrüfatı, sənətkarlıq və digər kiçik sahibkarlıq sahələri üçün də yeni imkanlar yaradır.
– Sahibkar olaraq dövlət-özəl sektor əməkdaşlığında öz rolunuzu nədə görürsünüz?
– Dövlət və özəl sektorun turizmin inkişafında bir-birini tamamlayan tərəflər olduğunu düşünürəm. Dövlət strategiyanı, qanunvericilik və tənzimləmə mühitini, infrastrukturu və ölkənin beynəlxalq səviyyədə tanıdılmasını təmin edir. Özəl sektor isə investisiya edir, yeni obyektlər yaradır, iş yerləri açır və xidmət səviyyəsini yüksəldir.
Məncə, biznes yalnız dövlətdən gözləntilərini deyil, öz töhfəsini də müəyyən etməlidir. Şəxsən mən gələcək fəaliyyətimi Bakı ilə məhdudlaşdırmadan, hotelçilik sahəsində topladığım 15 ildən artıq təcrübəni regionlarda yeni investisiya layihələrinə yönəltmək istəyirəm.
– Azərbaycan turizmini 2030-cu ildə necə görmək istərdiniz?
– Mən Azərbaycanı turistin yalnız Bakıya gəlib bir neçə gün keçirdiyi deyil, ölkəni bütövlükdə kəşf etmək üçün daha uzunmüddətli səyahət planlaşdırdığı bir destinasiya kimi görmək istərdim.
Bunun üçün əsas göstərici yalnız turist sayının artması olmamalıdır. Turistlərin ölkədə qalma müddəti, regionlara səfərlərin sayı və onların yaratdığı iqtisadi dəyərin müxtəlif sahələrə yayılması da mühüm nəticələrdir.
İnanıram ki, dövlətin strateji yanaşması ilə özəl sektorun investisiya və praktiki təcrübəsinin birləşdirilməsi Azərbaycanın turizm potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan verəcək. Mən də sahibkar kimi bu prosesin fəal iştirakçılarından biri olmağı qarşıma məqsəd qoymuşam.
Avropa.info






























